Qar Azərbaycan Premyer Liqasının da matçlarını təxirə sala bilər
Ölkə ərazisində müşahidə edilən qarlı hava şəraitinin sabah da davam edəcəyi proqnozlaşdırılır. Ancaq şaxtalı hava səbəbindən yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edilib. Bu şəraitdə isə sabah keçirilməli olan Azərbaycan Premyer Liqasının XVII turunun dörd matçının təxirə salınması gözlənilir.
Belə ki, sabah paytaxtda “Zirə” – “Neftçi”, “Sabah” – “Keşlə”, “Qarabağ” – “Səbail” görüşlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin, sabah Qəbələdə eyniadlı komanda “Sumqayıt”la matç keçirməlidir.
Bütün bu matçların keçiriləcəyi stadionlarda qarın və ya buzun təmizlənməsi isə xeyli vaxt aparan məsələdir. Xüsusən də Qəbələ şəhər stadionu, Masazırdakı “Bank Respublika Arena” və Suraxanıdakı “Azersun Arena”nın ot örtüyünün təbii qazondan ibarət olması meydançanın qar örtüyünün təmizlənməsi zamanı qazonun zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən sabah keçirilməli olan matçların hamısının və ya azı üçünün təxirə salınacağını ehtimal etmək mümkündür.
Bundan başqa, bu gün klubların planlaşdırılan məşqlərinin də baş tutmayacağı realdır.
Qeyd edək ki, artıq bu gün I divizionun Bakıda baş tutmalı olan üç oyunu qar yağıntısı səbəbindən təxirə salınıb.
Səbuhi Musayev