UEFA 19 yaşadək futbolçular arasında Avropa çempionatını ləğv etdi



 

UEFA İcraiyyə Komitəsi koronavirus səbəbiylə 19 yaşadək futbolçular arasında Avropa çempionatını ləğv etmək qərarına gəlib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, qərar həm oğlanlar, həm də qızlar arasında keçiriləcək turnirlərə şamil olunub. Qurumdan bildirilib ki, mövcud COVID-19 məhdudiyyətləri altında komandaların hərəkətini və turnirlərin keçirilməsini təmin etmək olduqca çətindir.

Bununla yanaşı, UEFA 9-26 iyun tarixlərində Macarıstan və Sloveniyada keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatında da qayda dəyişikliyi edib. Belə ki, futbolçularda kəllə-beyin zədəsi şübhəsi yarandığı halda əlavə əvəzetməyə icazə verilib.

Xatırladaq ki, 19 yaşadək oğlanlar arasında Avropa çempionatı 30 iyun - 13 iyul tarixlərində Rumıniyada, qızlar arasında isə 21 iyul - 2 avqust aralığında Belarusda keçirilməli idi.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan sözügedən yarışlar artıq bir dəfə təxirə salınmışdı.