Bəxtsiz azarkeş futbolçu oynasın deyə, kluba 153 min avro ödədi, əvəzində həmin oyunçu qovuldu



 

Braziliyanın “İnternasional” klubunun oyunçusu Rodiney azarkeşlərdən birinin 153 min avroluq ödənişi sayəsində onu icərəyə vermiş “Flamenqo”ya qarşı görüşdə meydana çıxıb.

Bu barədə “Goal” portalı məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin yanvarında “İnternasional” braziliyalı futbolçunu məhz “Flamenqo” klubundan icarəyə götürüb. Müqaviləyə əsasən Rodiney öz keçmiş klubuna qarşı oyunda iştirak edəcəyi təqdirdə qarşı tərəf “Flamenqo”ya 153 min avro əlavə pul ödəməlidir. “İnternasional” bu məbləği ödəməkdən imtina edərək, futbolçunun matçda meydana çıxmayacağını bildirib. Lakin bu zaman klubun azarkeşlərindən biri işə qarışaraq lazımi məbləği ödəyib və Rodineyin öz keçmiş klubuna qarşı oyunda iştirakını təmin edib.

Qeyd edək ki, hazırda Braziliya çempionatında liderlik yarışı məhz bu iki klub arasında gedir. Bazar günü oynanılan qarşılaşmada “Flamenqo” 2:1 hesabı ilə üstün olub. Rodiney 49-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb və komandasının turnir cədvəlində liderliyini itirməsində pay sahibi olub.

Hazırda ölkə çempionatına 71 xalla “Flamenqo” başçılıq edir. 69 xalı olan “İnternasional”  isə ikinci pillədədir.

Rodineyə gəlincə, 29 yaşlı müdafiəçi “Flamenqo”nun heyətində 2018/2019-cu illər mövsümünün Libertadores kubokunun qalibi olub. “İnternasional”ın tərkibində icarədə keçirdiyi cari mövsümdə o, 25 oyunda iştirak edib, bir qol və iki məhsuldar ötürmə edib, həmçinin beş sarı və bir qırmızı vərəqə alıb.