Xəstə təfəkkürün qurbanı olan erməni xalqını göməcək revanş arzusu



 

Kubra Məhərrəmova yazır...

“Yaxın Şərqdə o zaman sülh olacaq ki, ərəblər yəhudilərə nifrət etdiklərindən daha çox öz övladlarını sevəcəklər”.  

Bu sözləri İsrailin ilk qadın Baş naziri Qolda Meir deyib.  

Dahi qadının dediyi fikri bugünümüzə uyğunlaşdırsaq, deyə bilərik ki, Ermənistan o zaman ağ günə çıxacaq ki, öz övladlarını həqiqətən sevməyə başlayacaq və onları Azərbaycan ərazilərinin işğalı üçün yad torpaqlara ölməyə göndərməyəcək. 

Xəstə təfəkkür və xəstə eqonun təmin olunması üçün bu xalq, bu dövlət hələ də revanşizm ritorikasından əl çəkmir. Anlamır ki, hər şey bitdi. Onlar hələ də Birinci Qarabağ müharibəsi dövründən ayrıla bilmirlər. Abstrak “Ohanyan səddi”ni keçə bilmirlər. 

Onlara hələ də çatmayıb ki, niyə Azərbaycan hər zaman ritorikasında məhz Birinci Qarabağ müharibəsi ifadəsini işlədirdi. Çünki Azərbaycan dövləti bilirdi ki, mütləq şəkildə İkinci Qarabağ müharibəsi də olacaq. Və bu savaşda mütləq şəkildə Azərbaycan qalib gələcək. 

Heç bir söz, heç bir addım təsadüfi deyil və olmayıb.  

Bu gün Azərbaycan hələ də mübarizəsini davam edir. Ermənistan bizim üçün, region üçün çox təhlükəli addımlar atdıqca onun cavabını da alacaq. Ermənistan anlamalıdır ki, Azərbaycanla hesablaşmalıdır. Hay-küy salmaqla heç nə olmayacaq. Çünki etdiklərinin bədəlini 30 ildən sonra olsa da, aldı. “Dəmir yumruq” daim Ermənistanın başının üstündə olacaq. Bir səhv addım onun üçün faciə ilə bitə bilər. 

Azərbaycan bu gün heç vaxt olmadığı kimi güclü dövlətdir. 

Azərbaycan dövləti apardığı siyasət nəticəsində heç kimin inanmadığı nəticəyə sahib oldu. 30 il ərzində dünya siyasi arenasında pıçıltı ilə deyilən “bununla barışmalısınız, status-kvo var” və s. kimi sızılan ifadələr o demək idi ki, Azərbaycan bununla barışmalı və Ermənistan tərəfindən işğal edilmiş torpaqlardan əlini üzməlidir. 

Azərbaycan bununla barışdımı?

Azərbaycanın Prezidenti bununla barışdımı? 

Azərbaycan xalqı bununla barışdımı? 

Qəti şəkildə yox. Bu gün Ermənistan həqiqətənmi anlamır ki, 30 il səbrlə məqsədə doğru gedən ölkə bu gün geri aldıqlarına sahib çıxmaq üçün bütün vasitələrdən istifadə etməyəcək?  
O zaman Ermənistanın rəsmi dairələrinə Azərbaycanın atdığı addımlara diqqət etməsini məsləhət görərdim. 

Azərbaycan Türkiyə ilə birgə “Qış-2021” təlimlərini keçdi. 

Azərbaycanla Özbəkistan arasında birgə hərbi təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. 
Azərbaycan İsraildən yeni, son model hərbi texnika və silahlar əldə edəcək. 

Azərbaycan Ordusu daim döyüş vəziyyətində, 44 günlük müharibədə qardaşlarının şəhid olduğunu görən və qisas hissi ilə yaşayan əsgər-zabit heyətindən ibarətdir. Odur ki, erməni xalq olaraq getsin “Yelabur” hərbi-memorial məzarlığına mənasız, axmaq ideya üçün qurban verdikləri övladlarını ağlasın. Ermənistan anlasın ki, o nə qədər revanş, müharibə ritorikasını irəli sürsə, bir o qədər özünə pis edəcək. Özünü göməcək “Yelabur”a. 18-25 yaşlı övladlarını gömdüyü kimi. 

Nə qədər ki, gec deyil, düşünsün erməni xalqı, dövləti. 

Hə, onu da deyim ki, əziz oxucu, ermənilər bizim yazdıqlarımızı qəşəng oxuyur, bilirlər. Ona görə də dediklərimin ünvana çatmayacağına görə narahat deyiləm. Bizi bizdən çox elə onlar oxuyur.