Təhsil naziri türkiyəli həmkarı ilə görüşdə: “İmzalanan protokoldan gözləntilərimiz böyükdür” - VİDEO



 

Türkiyənin Təhsil naziri Ziya Səlcukla azərbaycanlı həmkarı Emin Əmrullayev arasında görüş keçirilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyə Təhsil Nazirliyinin mərkəzi binasında keçirilən görüşdə iki ölkə arasında təhsil sahəsindəki münasibətlər müzakirə edilib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında türkiyəli nazir Ziya Səlcuk bildirib:

“Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Baş nazir Əli Əsədovun rəhbərlil etdiyi Azərbaycan nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Heyətə daxil olan həmkarım Emin Əmrullayevlə 19 fevralda Türkiyə prezidentinin köməkçisi Fuad Oktay və Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu üçün bir protokol imzaladıq. İnformasiya texnologiyaları, səyahət xidmətləri, mebel və interyer dizaynı, moda dizaynı kimi beş sahədə təhsil verilməsini planlaşdırdığımız Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu ilə peşə təhsili sahəsində ölkəmizin təcrübələrini qardaşlarımızla paylaşacağıq”.

Türkiyə ilə Azərbaycan arasındakı dostluğun daimi olacağını vurğulayan Azərbaycan Təhsil naziri Emin Əmrullayev isə bildirib:

“19 fevral tarixində imzalanan protokoldan gözləntilərimiz böyükdür. Eyni zamanda bu protokol çərçivəsində bizim iki peşə məktəbimizin də Türkiyə ilə birlikdə idarə olunmasını planlaşdırırıq. Bundan əlavə, təhsil sahəsində bir çox əməkdaşlıq layihələrini və protokolları həyata keçirmək istiqamətində danışıqlar apardıq”.