Azərbaycan İdman Jurnalistləri Federasiyasının ikinci respublika toplantısı oldu - VİDEO



 

Bu gün videokonfrans formatında Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və idman qurumlarının mətbuat katibləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

AİJF prezidenti Qabil Mehdiyev çıxış edərək ötən il ərzində qurumun fəaliyyəti ilə bağlı hesabat verib. Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük Vətən müharibəsində idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulan Q.Mehdiyev AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları və qazilərlə görüşlər keçirdiyini bildirib.

Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair danışıqların aparılması ilə bağlı məlumat verən Q.Mehdiyev bu müzakirələrin davam etdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova toplantı iştirakçılarına əvvəlcə gənclər və idman naziri Azad Rəhimovun salamlarını çatdırıb. Ötən bir il ərzində AİJF-nin uğurla fəaliyyət göstərdiyini bildirən S.Məmmədova idman jurnalistlərinin həmişə diqqət mərkəzində olmasının, onların idman yarışlarında iştirakının daima təmin olunmasının vacibliyini bildirib.

MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı idman jurnalistikasının son illər inkişaf etdiyini vurğulayıb. O, ötən müddət ərzində idman jurnalistlərini öz sıralarında birləşdirən AİJF-nin bir sıra tədbirlər və layihələr həyata keçirməsinin təqdirəlayiq hal olduğunu bildirib.

Sonda idman mediasını narahat edən məsələlər müzakirə edilib.