“Qarabağ” geyim qaydalarını pozduğu üçün cəzalandırıla bilər - RƏSMİ AÇIQLAMA + FOTO
“Qarabağ” klubu Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsini pozub.
“Neftçi” fanatlarından biri tərəfindən qaldırılan bu məsələ sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilib.
Belə ki, Azərbaycan Premyer Liqasının XVI turunun dünən keçirilmiş “Sumqayıt” – “Qarabağ” matçından (0:0) əvvəl Ağdam klubunun paltardəyişmə otağındakı görüntü müzakirələrə səbəb olub. Burada “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiçdən fərqli olaraq, serbiyalı oyunçusu Uroş Matiçin soyadındakı “Ç” hərfi Azərbaycan yox, serb əlifbası ilə yazılıb.
Bu isə PFL-in Əsasnaməsində göstərilən tələblərlə uyğunluq təşkil etmir. Bunu Oxu.Az-a PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov deyib:
“Əsasnamədə geyim qaydaları göstərilib. Həmin qaydalara uyğun olaraq, Premyer Liqa, Azərbaycan Kuboku və I Divizion oyunları zamanı klublarımız formaların arxa hissəsində futbolçuların ad və ya soyadlarını Azərbaycan əlifbasında olan hərflərdən istifadə etməklə göstərməlidir. Əks təqdirdə klubların cəzalandırılması nəzərdə tutulub. Ancaq cəzanı vermək AFFA İntizam Komitəsinin daxili işidir”.
Səbuhi Musayev