“Bavariya” tam komanda ilə karantinə göndərilə bilər
“Bavariya” klubunun futbolçuları arasında sayca dördüncü koronavirusa yoluxma faktı aşkar olunub.
TASS “Sportschau” nəşrinə istinadən məlumat verir ki, Münhen klubunun fransalı müdafiəçisi Benjamin Favarın COVID-19 testi pozitiv çıxıb.
Qeyd edək ki, buna qədər Tomas Müller, Leon Qoretska və Xavi Martinesin də koronavirusa yoluxduğu bildirilib.
Münhen Səhiyyə Departamentindən verilən məlumata görə, yoluxma sayının artması səbəbindən qurum komandanı karantinə göndərə bilər.
Xatırladaq ki, “Bavariya” 21 turdan sonra Almaniya çempionatının lideridir. Fevralın 23-də isə komanda Çempionlar Liqasının 1/8 mərhələsində “Latsio” ilə qarşılaşmalıdır.