0:13 hesabı ilə uduzan millimizin baş məşqçisi: “Əvvəllər də böyük hesablı məğlubiyyətlər almışıq”
“Bilirdik ki, İspaniya millisinə qarşı oyunumuz çətin olacaq. Ancaq bu qədər qol buraxacağımızı gözləmirdik”.
Oxu.Az xəbər verir ki, bunu qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov deyib.
İspaniya millisi AVRO-2022-nin seçmə mərhələsinin D qrupunda dünən millimizlə qarşılaşıb. Bakının “ASK Arena”sında keçirilən oyunda təcrübəli qonaqlar yığmamıza 13 qol vurub.
S.Əsgərov isə “azerisport”a müsahibəsində nəticəyə görə utandığını bildirib:
“Oyundan əvvəl demişdim ki, təcrübə baxımından problemimiz çoxdur. Sonuncu rəsmi oyunumuz oktyabrda olub. Düzdür, Rusiyada çıxış edən qızlarımız var. Ancaq onlarda da çoxdandır ki, çempionatda fasilədir. Pandemiya ilə əlaqədar olaraq normal şəkildə hazırlıq keçə bilmədik. FIFA tərəfindən ayrılan “pəncərə”dən öncə iki yoxlama matçı keçirdik. Ancaq bu oyunlar bizim rəqiblə müqayisə oluna bilməz. Onlarda çempionat bir həftə əvvəl başa çatıb və “Barselona” qalib olub. Yeri gəlmişkən, bu komandanın səkkiz oyunçusu bizə qarşı oynadı. Digər oyunçular isə Avropanın aparıcı klublarından idi.
Buraxdığımız bir neçə qoldan sonra komanda psixoloji cəhətdən dağıldı, rəqibin təzyiqi də təsir etdi. Bütün bunların nəticəsində bəsit səhvlərə yol verdik. Biz, məşqçilər heyəti olaraq bu nəticədən utanırıq. 2010-cu ildən bəri qadın futbolundayam və böyük hesablı məğlubiyyətlər almışıq, amma belə hələ baş verməmişdi. Qrupumuzda böyük tarixə sahib komandalar var. 23 fevralda Moldova ilə qrupda son oyunumuz olacaq. Bu məğlubiyyətə görə özümüzü qismən bağışlatmağa qərarlıyıq. Bəli, belə bir matçı unutmaq çətin olacaq, amma qarşıdakı matçda qələbə qazanmaq istəyirik”.
O, istefası haqda suala isə belə cavab verib:
“Bu elə bir nəticədir ki, istənilən məşqçi bu barədə düşünərdi. Ancaq son oyundan öncə komandanı atmaq istəmirəm. Həmin matçdan sonra rəhbərlik üçün hesabat hazırlayıb verəcəyəm. AFFA rəhbərliyi məni işimdən uzaqlaşdırsa, haqlıdır. Bundan pis nəticə ola bilməz. Göstəricilər çox şey haqda xəbər verir”.
Səbuhi Musayev