Georgi Vanyan: “Ermənistanda olan hər şey Rusiyaya məxsusdur” - MÜSAHİBƏ
Ermənistanda etiraz aksiyaları davam edir. Bu ölkənin keçmiş prezidenti, “Qarabağ klanı”nın nümayəndəsi Robert Koçaryan praktik olaraq ölkəyə rəhbərlik etməyə hazır olduğunu açıq elan edib, bir qrup müxalifət partiyası tərəfindən baş nazir postuna namizədliyi irəli sürülən Vazgen Manukyan Nikol Paşinyanın tutduğu vəzifədən getməsinin vacibliyindən danışır.
Buna rəğmən, müharibədəki məğlubiyyətə baxmayaraq, Ermənistanın hazırkı baş nazirinin reytinqi hələ də kifayət qədər yüksəkdir.
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda nə baş verir?
Tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Media.Az-a müsahibəsində bu barədə öz fikirlərini bölüşüb.
- Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, Nikol Paşinyan hakimiyyətdə hələ də qalır.
- Bəli, əgər klassik ssenari olsaydı, Nikol Paşinyan getməli idi. Ancaq bu olmadı. Gəlin reytinqlərə diqqət yetirək. Ermənistan kimi ölkələrdə keçirilən rəy sorğularına inanmağa əsla dəyməz, lakin buna baxmayaraq, ona olan inam səviyyəsi bütün digər siyasətçilərin göstəricilərindən qat-qat yüksəkdir. Mən insanlarla ünsiyyətimə də əsaslanıram. Bu, son 30 ildə insanların “tapdaldığını” göstərir. İndi isə xalq düşünür: “Əvvəlkilərdənsə elə Paşinyan yaxşıdı”.
- Ermənistanda müharibədən sonra tez-tez eşidilən revanşist bəyanatlar barədə nə düşünürsünüz?
- Paşinyananın şərti opponentləri olan revanşistlər çox yaxşı anlayırlar ki, hakimiyyətə gəlməyəcəklər. Bu, sadəcə ritorikadır. Deyirlər, bizə, işimizə, mülklərimizə, milyardlarımıza, milyonlarlarımıza toxunmayın. Oğurladıqlarımız – “bizim halal qazandığımız pullardır”. Burada siyasətdən söhbət getmir.
Digər məqam - heç kim, o cümlədən Nikol Paşinyanın özü də Rusiya Prezidenti Vladimir Putinin ağlında nələrin olduğunu bilmir. Bəzi fərziyyələr irəli sürülür, ancaq Ermənistan barədə Putin səviyyəsində danışıqlar aparılmır. Nəticədə burada “terror təbliğatçıları” Solovyov, Simonyan, Baqdasarovun dediklərini dinləyirlər. Bir daha vurğulayım: intiqamdan danışanlar sadəcə olaraq sərvətlərini itirməkdən qorxanlardı.
- Sizdə belə bir hiss varmı ki, Ermənistan xarici nəzarət altındadır? Moskva tapşırır və İrəvan dərhal icra edir, Vaşinqton, ya da digər başqa bir yerdən də həmçinin...
- Gəlin hamını istisna edib, yalnız Rusiyanı saxlayaq. Ermənistanda olan hər şey Rusiyaya məxsusdur. Bu, Robert Koçaryanın Ermənistanda hakimiyyəti ələ keçirməsindən sonra başladı. Belə bir proqram var idi “Borc müqabilində əmlak”. Dəmir yolu da daxil olmaqla bütün strateji obyektlər Moskvanın nəzarətinə verildi. Hətta İrandan Ermənistana gələn qaz kəməri də. Yeri gəlmişkən, sözügedən boru kəmərini Gürcüstana qazın mümkün tranzitini nəzərə alaraq tikmək istəyirdilər. Rusiya buna qarşı idi, nəticədə boru kəmərinin ötürmə qabiliyyəti azaldı və daha sonra dediyim kimi, boru kəməri özü Rusiya Federasiyasının nəzarətinə keçdi.
Qarabağ avantürası üzündən Ermənistan hər şeyi itirdi. Hər şey xarici nəzarət altındadır. Mən dəfələrlə demişəm ki, Ermənistanda 2018-ci ildə heç bir inqilab olmayıb (Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib - red.). İnqilab 1988-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin hakimiyyəti tədricən “məxməri” yolla “Qarabağ” komitəsinə ötürməsi ilə baş verdi. Onlar isə Sovet “KQB”sinin əlaltıları idi. Onlar hələ də Rusiya tərəfindən idarə olunur. Ölkədə onlarla siyasi partiyanın qeydiyyata alınmasına baxmayaraq, bu günə qədər Ermənistanda “təkpartiyalı sistem” mövcuddur.
- Robert Koçaryanın Ermənistanda “böyük siyasətə” qayıtması barədə nə düşünürsünüz? O, Rusiyaya səfər etdi, “Sputnik”a geniş müsahibə verdi. Bəlkə Koçaryanın təmsil etdiyi “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələcək?
- Robert Koçaryan öz açıqlamaları ilə Nikol Paşinyanın reytinqini qaldırdı. O nə dedi? Binaların yanında oturan nənələrin dedi-qodularını danışdı. O – “əyalət qırğısıdır”, “vətənpərvərdir”, yalnız bu qədər. Amma itirməyə qorxduğu pulları var.
İstənilən insanda sual yaranır: əgər milli-azadlıq hərəkatı gedirsə,onun lideri necə qəfilədən milyarder ola bilər? Ermənistan kimi kasıb ölkədə! Ancaq, təkcə o zənginləşmədi.
Məhv edilmiş, dağıdılmış ölkədə generallar necə milyonçu ola bilər?! Artıq bunun xalqa qarşı bir cinayət olduğu aydındır.
Koçaryanın hakimiyyətə gəlmək imkanları, bizim sizinlə opera-balet teatrının aktyoru olmağımız qədər şansı var (gülür). Ancaq əlbəttə ki, Moskvanın və Prezident Putinin reaksiyasına baxmalıyıq. Mən düşünmürəm ki, onun Robert Koçaryan, Serj Sarqsyan və başqaları ilə bağlı belə planları var. Bununla belə, Moskva Nikol Paşinyanı həmişə gərginlikdə və sözəbaxan qalması üçün təzyiq elementi kimi Koçaryan və Sarqsyanı istifadə edə bilər.
- Gəlin müharibənin nəticələrinə keçək. Ermənistanda o hiss varmı ki, Azərbaycan və erməni xalqları arasında barışıq başlayıb?
- Hələ yox. Dəhşətli bir gərginlik var, hər şeyin hər an yenidən təkrarlana biləcəyi qorxusu var. Bu gün rus sülhməramlıları Qarabağdakı humanitar məsələlərlə məşğul olurlar. Ancaq eyni zamanda sabah nə edəcəklərini də bilmirik...