Ağayevin Azərbaycan millisində oynamaq problemi: FIFA icazə vermir - AÇIQLAMA



 

İsrailli futbolçu Əmir Ağayevin Azərbaycan millisində oynaması problemə çevrilib.

Bu barədə Oxu.Az-a Yunanıstanın “Atromitos” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçinin özü deyib.

O bildirib ki, millimizin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi Portuqaliya (24 mart) və Serbiya (30 mart) ilə oyunlarına, eləcə də Qətər millisi ilə yoxlama matçına (27 mart) çağırılmaya bilər. Buna səbəb FIFA-nın hələ ona Azərbaycan millisində oynamağa icazə verməməsidir:

“Hazırkı durumda Azərbaycan millisində oynamağım qeyri-mümkündür. Bunun üçün AFFA-nın bu problemi yoluna qoyması lazımdır. Düzdür, İsrailin əsas millisində oynamamışam. Ancaq 2013-2014-cü illərdə İsrailin 21 yaşadək millisi ilə rəsmi matçlara çıxdığımdan, bu, Azərbaycan üçün oynamağıma problem yaradır”.

Qeyd edək ki, Əmir Ağayev ilk dəfə ötən ilin avqustun 22-də Azərbaycan millisinin təlim-məşq toplanışına çağırılıb. Lakin FIFA onun Azərbaycan vətəndaşlığını tanımadığından, Ağayevin millimizdə debütü hələ baş tutmayıb.

Səbuhi Musayev