Lev Spivak: “İsraildə Ermənistanı Mərkəzi və Şərqi Avropada ən antisemit ölkə hesab edirlər” – FOTO
Son günlərdə Ermənistanda yəhudi xalqına aid abidələrə qarşı iki dəfə vandalizm faktı qeydə alınıb. Holokost qurbanlarının abidəsi, sonra isə İrəvanda Ermənistan və İsrail arasındakı dostluğun şərəfinə qurulan abidə təhqir olunub. Ermənistan polisi artıq Holokost qurbanlarının abidəsini təhqir edən cinayətkarlardan birini müəyyənləşdirib, onun 36 yaşlı kişi olduğu ortaya çıxıb. Yeri gəlmişkən, Holokost qurbanlarının abidəsi son aylarda artıq üçüncü dəfədir ki, belə hücuma məruz qalır.
Eyni zamanda, Holokost qurbanlarının xatirəsinin Ermənistanda təhqir edilməsi və İsrail ilə dostluğa qarşı olmaları israillilərin özləri üçün yenilik deyil.
Bu barədə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiyasiyasının baş direktoru Lev Spivak Media.Az-a müsahibəsində deyib:
“İsraildə praktik olaraq Ermənistandan gələn bu xəbərə əhəmiyyət vermədilər. Bizim KİV-in əsas mövzusu koronavirus və vaksinasiyadır. Hətta növbədənkənar parlament seçkilərimiz də arxa planda qalıb. Düzdür, rusdilli və ingilisdilli mətbuat İrəvanda baş verənlərdən yazır.
Ancaq bir daha vurğulayıram ki, İsraildə buna xüsusi reaksiya yoxdur. Burada erməni məmurlarının antisemit açıqlamalarını, erməni KİV-dəki nəşrlərinin yazılarını yaxşı bilirlər. Belə münasibət Qarabağın azad olunması uğrunda Vətən müharibəsindən çox əvvəl başlayıb. Xatırladaq ki, Ermənistan səfiri İsraili tərk edib. Buna heç kim təəccüblənmədi.
“American Israel Public Affairs Committee” və ya qısaca AIPAC adlı bir təşkilat var. Onun məlumatlarına görə, Ermənistanda antisemitizm göstəricisi 60 %-dən çoxdur.
Qeyd edək ki, “The Pew Research Center”in məlumatına görə, Ermənistan Mərkəzi və Şərqi Avropanın ən antisemit ölkəsidir.
Ermənistanda praktik olaraq yəhudi yoxdur, onların sayı çox azdır, əksəriyyəti də qadınlardır. Yəni, Ermənistanda heç bir yəhudi icması yoxdur. Ancaq orada antisemit münasibət həddən artıq çoxdur. Azərbaycanda isə İsrail səfirliyinin məlumatına görə, 35 min yəhudi yaşayır və antisemitizm heç yoxdur”.