“Böyük Dəbilqə”: Azərbaycanın üç idmançısı meydan sahiblərinə qarşı
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” yarışına start veriləcək.
Yarışın ilk günündə Azərbaycanın yeddi cüdoçusu tatamiyə çıxacaq. İlk görüşlərdə Azərbaycan üç idmançısı meydan sahibi İsraildən olan rəqiblərinə qarşı mübarizə aparacaq.
Kişilər
-60 kq. Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenzi (Böyük Britaniya) ilə, eyni çəkidəki Davud Məmmədsoy Morits Plafki (Almaniya) ilə üz-üzə gələcək.
-66 kq. Son Avropa çempionumuz Orxan Səfərov Amit Boboviçin (İsrail) müqavimətini qırmağa çalışacaq. Həmin çəkidə Nicat Şıxəlizadə Petr Jukovla (Rumıniya) qarşılaşacaq. Hər iki yarış 1/8 final çərçivəsində baş tutacaq.
Qadınlar
-48 kq. Leyla Əliyeva 1/16 finalda Şira Rişoni (İsrail), Aişə Qurbanlı isə onun həmyerlisi Tamar Malka (İsrail) ilə münasibətlərinə aydınlıq gətirəcək.
-57 kq. Gültac Məmmədəliyeva 1/16 finalda Eleudis Valentimlə (Braziliya) görüşəcək.
Qeyd edək ki, fevralın 20-də başa çatacaq “Böyük Dəbilqə” yarışında Azərbaycan millisi 15 cüdoçu ilə təmsil olunur. Bunlardan 12-si kişi, 3-ü qadın idmançıdır.
Səbuhi Musayev