Neymar oynamadığı matça görə cəzalandırıla bilər
PSJ-nin məşhur futbolçusu Neymar UEFA Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində “Barselona” ilə keçirilən oyunda zədə səbəbindən meydana çıxa bilməsə də, məhz bu matçla əlaqədar etdiyi hərəkətə görə cəzalandırıla bilər.
“Hüriyyət” nəşrinin yaydığı xəbərə görə, ulduz oyunçu qarşılaşmanın gedişində sosial şəbəkədə etdiyi paylaşıma görə iki matçlıq diskvalifikasiya edilə bilər.
Məsələ burasındadır ki, sözügedən oyun zamanı Neymar matçın 26-ci dəqiqəsində hakimin PSJ-nin qapısına təyin etdiyi penalti zərbəsi qərarını şübhə altına alan paylaşım edib. Futbolçu öz “Twitter” hesabında “zarafat kimi bir penalti” ifadəsini yazıb. Düzdür, futbolçu qısa müddət sonra səhvini anlayıb paylaşımını silsə də, artıq iş-işdən keçib.
İndi son söz UEFA intizam komitəsindədir.