Göyçayda “KOB Dostu” ofisi fəaliyyətə başladı



 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti “KOB Dostu” ofisi Göyçay rayonunda fəaliyyətə başlayıb.

KOBİA-dan bildirilib ki, bu gündən etibarən Göyçay və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Göyçay “KOB Dostu”na müraciət edə bilərlər. Göyçay “KOB Dostu” ofisi Göyçay şəhəri, Heydər Əliyev Mərkəzində yerləşir.

Göyçay “KOB Dostu” Aran iqtisadi rayonunda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqələndirmə, mövcud maliyyə resurslarına və bazarlara çıxış və sair) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək. Həmçinin Göyçay “KOB Dostu” sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaq.

Qeyd edək ki, Göyçaydakı ofis KOBİA-nın sayca 24-cü “KOB Dostu” ofisidir.