“The Lanset”: “Dağlıq Qarabağ münaqişəsində elmin siyasiləşdirilməsi yolverilməzdir” - FOTO
Bir qrup Azərbaycan alimi nüfuzlu “The Lancet” dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər.
Belə ki, Hayrazat Hazaryan və həmkarları (Mart 2021) son Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanda COVID-19-a yoluxma sayının acınacaqlı həddə artmasını təsvir ediblər.
Lakin, bu şərh COVID-19 statistikasını səhv təqdim edilməsi, həqiqətləri yanlış göstərmək və mühüm tarixi konteksti nəzərə almamaqla elmi məlumatları siyasiləşdirmək cəhdidir.
Bildirilir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərindən etibarən qlobal miqyasda COVID-19 yoluxma sayının artmasının əsas səbəbləri arasında soyuq hava və aşağı rütubət, açıq toplantılardan qapalı məkanlara keçid, müəssisələrin və məktəblərin açılması yer alır.
Hərbi qarşıdurma pandemiyanı kəskinləşdirə bilsə də, son dövrlərdə gündəlik COVID-19 yoluxmalarının sayında kəskin artım Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından əvvəl olub.
Bu artım Azərbaycan və Ermənistana qonşu olan və münaqişəyə qarışmayan ölkədə - Gürcüstanda da qeydə alınıb.
Xatırladılır ki, Ermənistan-Azərbaycan qüvvələri arasında son döyüşlər 27 sentyabr 2020-ci ildə başlayıb və 10 noyabr 2020-də sona çatıb.
“Ermənistan və Azərbaycan arasındakı münaqişə tarixi ilə bağlı Hazaryanın və həmkarlarının bəzi açıqlamalarına aydınlıq gətirməyə çalışırıq.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağ işğal edilib və orada erməni qüvvələri tərəfindən etnik təmizlənmə aparılıb ki, bu da beynəlxalq hüququ kobud şəkildə pozur. Münaqişənin başlanğıcından- 1980-ci illərin sonlarından bir milyondan çox etnik azərbaycanlı evlərini tərk edib, bu da böyük humanitar fəlakətlə nəticələnib. Beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, sülh razılığı əldə edilməyib. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün bölgələrindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu günə qədər onlar yerinə yetirilməyib.
Hazaryan və həmkarları son hərbi əməliyyatlar zamanı erməni tərəfindən çoxsaylı mülki şəxslərin ölümündən bəhs edirlər. Bununla yanaşı, onlar Ermənistanın Azərbaycanın sıx məskunlaşmış şəhər və kəndlərinə hücumlarında 414 mülki şəxsin yaralanması və 94 nəfərin ölümü ilə nəticələndiyini yada salmayıblar. Əlavə olaraq, Ermənistan Silahlı Qüvvələri bu hücumlar zamanı ağır artilleriyadan, qadağan edilmiş döyüş sursatlarından və uzun mənzilli raketlərdən istifadə ediblər.
Biz 9 noyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanan və hərbi əməliyyatların dayandırılmasına, beynəlxalq hüququn bərpasına və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına başlanması ilə nəticələnən atəşkəsi alqışlayırıq.
Səhiyyə işçiləri olaraq hamımızı insan hüquqlarının tanınması və insan həyatının dəyərinə inam birləşdirir. Elmin etnosentrik baxışlarla siyasiləşdirilməsi elmin həyatımıza müsbət təsirini sarsıdır. Elmimizi siyasi məqsədlər üçün istifadə etmədən hamımızın sülhü təbliğ etməyə və hərbi münaqişələrin qarşısını almağa çalışmağımız vacibdir”, - deyə məqalədə bildirilir.