Qalmaqallı oyuna görə 10 minlik cərimə



 

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” - “Neftçi” oyununda qırmızı vərəqə almış dörd oyunçunun cəzasının müddəti açıqlanıb.

AFFA-nın saytından verilən məlumata görə, aqressiv hərəkətə görə “Qarabağ”ın kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina dörd oyunluq cəzalandırılıb, klub 3 200 manat cərimə edilib.

Kobud oyuna görə meydandan qovulmuş “Neftçi”nin futbolçusu Ömər Buludov iki oyun meydanda ola bilməyəcək. Onun klubu futbolçusuna görə 1 600 manat ödəməlidir.

Qeyri-idman hərəkətlərinə görə ikinci sari vərəqə ilə meydanda qovulmuş “Neftçi”nin legionerləri - qvineyalı Mamadu Kan və serbiyalı Voyislav Stankoviç bir oyunluq cəzalandırılıb, klub hər bir futbolçusuna görə 200 manat cərimələnib.

Bundan başqa, “Neftçi”nin üç futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4 800 manat cərimə olunub.

“Sumqayıt” - “Səbail” oyununun 90+5-ci dəqiqəsində qonaqların qapıçısı Kamran Ağayev də kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalandırılıb. “Səbail” 1 600 manat cərimə ödəyəcək.

“Səbail”in iranlı futbolçusu Peyman Keşavarzi də ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimələnib.

Bundan başqa I divizion klubları da cəzalandırılıb. XII turun “Zaqatala” - “Kəpəz” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimələnib.

“Qaradağ Lökbatan” - “Sumqayıt-2” oyununda hakimlər isti su ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.

Həmin oyunda xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib.

Həmçinin “Qaradağ Lökbatan” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət-buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün də əlavə 80 manat ödəməlidir.