Avropa Olimpiya Komitəsinin baş katibi: “Bu bir il ərzində idmançılar çox şey itirdi”
“Tokio-2020 Yay Olimpiya Oyunlarının baş tutması böyük idmanın qayıdışı kimi xarakterizə olunacaq”.
Oxu.Az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin (AOK) baş katibi Raffaele Panyotsi Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə verdiyi müsahibəsində deyib.
“Biz indi elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağı bəlli deyil. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də gözlənilməz oldu. Bəziləri formasının zirvəsində olmağına baxmayaraq, uzun müddət məşq etmədi və formadan düşdü. Təəssüf ki, bəziləri hətta karyerasını bitirmək nöqtəsinə qədər gəlib çatdı. Əlbəttə, mən Olimpiya Oyunlarının keçirilməsini çox arzulayıram. Əminəm ki, Yaponiya hökuməti bunun üçün əlində olan bütün imkanları səfərbər edəcək”, - deyə AOK rəsmisi bildirib.
Raffaele Panyotsi onu da bildirib ki, Yay Olimpiya Oyunları hətta azarkeşsiz baş tutsa, yenə də çox yaxşı olar:
“Olimpiya Oyunlarının baş tutması, həmçinin böyük idmanın qayıdışı kimi də xarakterizə olunacaq. Bizim üçün Yay Olimpiya Oyunları ilə yanaşı, Qış Olimpiya Oyunları da çox vacibdir. Amma indi Avropada vəziyyət fərqlidir. Bəzi ölkələr pandemiyadan daha çox, digərləri isə daha az təsirə məruz qalıb.
Bizim əlimizdən nə gəlirsə, idmançılara kömək etməyə çalışırıq. Fedarasiya rəsmiləri ilə daimi təmasdayıq. Bilirsiniz, bir il ərzində idmançılar çox şey itirib. Hələ ötən il zirvədə olanlar indi həmin zirvədən o qədər uzaqdırlar ki... AOK-a daxil olan 50-yə yaxın ölkə var. Əlbəttə, bəziləri daha az, digərləri daha çox təsirləniblər. Düşünürəm ki, hamı kimi avropalılara da çətin olacaq. Ola bilər ki, sıralama alışdığımız kimi olmayacaq. Bir çox komanda pandemiya səbəbindən ənənəvi formasında deyil, amma yarışda onsuz da hamı əlindən gələni etməyə çalışacaq”.