İradə Aşumova şikayətləndi: “Açıq havada məşq keçmək olmur, idmançılar xəstələnir”



 

“SMS-lər yanvarda ləğv olunub. Ona görə də Ruslan Lunyov açıq havada məşqlərə indi başlayıb. Qapalı zalda isə operativ qərargah məşq keçməyə qoymur. Gənclər və İdman Nazirliyinə yazmışam ki, heç olmasa, tək Ruslana məşqçisi olan atası ilə birgə məşq keçməyə icazə verilsin. Amma indiyədək onlardan da səs yoxdur. Hava soyuq olanda məşq keçmək olmur, xəstələnə bilərik. Qızları o gün məşqə çağırmışdım. Soyuqdan dondular. Axırda dedim ki, məşq etməyin, xəstələnəcəksiniz”.

Bu barədə Oxu.Az-a güllə atıcılığı üzrə millimizin baş məşqçisi, Olimpiya və dünya mükafatçısı İradə Aşumova deyib.

O, 18-29 mart və 16-27 apreldə Asiyada keçiriləcək Dünya Kuboku yarışlarında iştirak etməmələrini belə əsaslandırıb:

“Hindistanda martda orada hava isti olur. Sadəcə Hindistana yol uzaqdır, üstəlik pandemiya orada geniş yayılıb. Apreldə Koreyanın Usan şəhərində Dünya Kuboku olmalıdır. Ora getmək üçün də əvvəlcədən 14 gün karantində qalmaq lazımdır. Bu da əlavə qalmağa görə maliyyə tələb edir.

Əvvəl maliyyə ilə bağlı problemlərimiz vardı. İndi o heç yada düşmür. Hindistana həm də ona görə getmək istəmirik ki, hava limanında dörd yerdə adamı yoxlayırlar. 2018-ci ildə Hindistandan qayıdanda onların aeroportunda silahların yoxlanışına görə nə qədər vaxtımız getdi. Ona görə aeroporta dörd saat əvvəldən getmişdik”.

Qeyd edək ki, atıcılıq üzrə millimizin 2021-ci ildə ilk yarışının Xorvatiyanın Osiyek şəhərində keçiriləcək Avropa çempionatı olacağı gözlənilir. 10m/25m/50m/300 metr məsafələrə güllə atıcılığı və stend atıcılığı üzrə keçiriləcək yarış 20 may - 6 iyun tarixlərində baş tutacaq.

Səbuhi Musayev