Azərbaycanda oynayan Fil Dişi Sahilindən olan futbolçunun üç dişi sınıb



 

“Sabah” klubunun futbolçusu Tyemoko Fofananın sağlamlıq durumuna aydınlıq gəlib.

Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Oxu.Az-a verdiyi məlumata görə, futbolçu xəstəxanadan buraxılıb:

“Fofananın dodağına tikiş atılıb, üç dişi sınıb. Beyin silkələnməsi yoxdur. İki gün istirahət edəcək. Sonra məşqlərə başlaya biləcək”.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Zirə” ilə görüşün ikinci hissəsində zədə alıb və 73-cü dəqiqədə əvəzlənərək xəstəxanaya aparılıb. İspaniyalı baş məşqçi Bisente Qomes ilkin informasiya kimi 21 yaşlı hücumçunun iki dişinin qırıldığını bildirmişdi.

Səbuhi Musayev