Almaniyalı politoloq: “Ermənistan Avropanın diplomatik meydanında Azərbaycana uduzdu”
“Ermənistan-Azərbaycan barışığı uzunmüddətli layihədir. Lakin beynəlxalq oyunçular məhz indi bu prosesi dəstəkləməlidirlər”.
Amerikanın nüfuzlu analitik mərkəzlərindən biri sayılan Avropa Karnegi Fondunun böyük elmi işçisi, politoloq, Şərqi Avropa və Qafqaz üzrə ekspert Tomac de Vaal təmsil etdiyi qurumun saytında dərc olunan son məqaləsində belə nəticəyə gəlib.
Lakin beynəlxalq oyunçular, xüsusilə də keçmişdə ilişib qalmış Avropa bölgəyə lazımi dəstəyi göstərə biləcəkmi?
Bugünlərdə Avropa İttifaqı Ermənistan ilə hərtərəfli əməkdaşlıq sazişinin təsdiqlənməsi prosedurunun başa çatması barədə qarşı tərəfi məlumatlandırıb. “Armenia Today” nəşri qeyd edir ki, sənəddə “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”, “tərəflərin öz müqəddəratını təyin etmə hüququ”, eləcə də “Minsk qrupunun səylərinin dəstəklənməsi” kimi artıq köhnəlmiş ifadələr öz əksini tapır.
Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra hər hansı bir rəsmi sənəddə bu tipli ifadələrin işlədilməsi ən azından təəccüb doğurur.
Məsələyə aydınlıq gətirmək üçün Media.az tanınmış alman politoloqu Aleksandr Rara müraciət edib. O, bildirib ki, Qarabağ məsələsi Qərb və Avropa İttifaqının gündəmində deyil. Bu problem heç analitik mərkəzlərdə də müzakirə olunmur.
“Onlar baş verən hadisələrin mahiyyətini dərk etmirlər. Bu sənədləri, bəyanatları kim hazırlayır? Hər bir XİN-də, o cümlədən də Almaniyada, Cənubi Qafqaz bölgəsini təhlil edən əməkdaşlar var. Belə sənədləri məhz onlar yazır. Sizin regiondan fərqli olaraq, Avropada yazılanlara elə də ciddi fikir vermirlər.
Yeri gəlmişkən, Avropada güclü erməni lobbisi var. Lakin Qarabağ müharibəsinin informasiya təminatı və işıqlandırılması Azərbaycan tərəfindən daha yaxşı aparıldı. Qərb məhz sizin mövqeyinizdən çıxış edərək, Qarabağın hüquqi cəhətdən Azərbaycanın tanınmış əraziləri olduğunu bəyan etdi. Bir neçə il əvvəl bunu təsəvvür etmək belə çətin idi”, -deyə politoloq bildirib.
Onun sözlərinə görə, hazırda erməni lobbisi itirdiyi mövqeləri geri qaytarmaq istəyir.
“Erməni tərəfi Avropanın diplomatik meydanında Azərbaycana uduzdu. Onlar gördülər ki, Avropanın böyük hissəsi erməni mövqeyini dəstəkləmədi. Onlar qorxuya düşüblər və ona görə də indi müxtəlif qapıları döyürlər. Amma onların səsini eşidən çox nadir hallarda tapılır”, - deyə Rar qeyd edib.