Arif Babayev: “Ağdam azad olunan gün göz yaşlarım qurumurdu”
“İnsult keçirdim, iki dəfə onurğa sütunumdan əməliyyat olundum. Ötən il mənim üçün çox ağır keçdi. Vətən müharibəsində qazandığımız qələbəyə ürəyim istəyən kimi sevinə bilmədim”.
Bunu Azvision.az-a Xalq artisti Arif Babayev səhhətindən danışarkən deyib.
Xanəndə tədricən sağlamlığına qovuşduğunu bildirib.
“İki dəfə ölümə bərabər əməliyyat keçirdim. Vəziyyətim çox pis idi. İndi yavaş-yavaş düzəlirəm. Həkimlər özümü soyuqdan qorumağı məsləhət görüblər. Çox vaxt evdə oluram, arada çölə çıxıb hava alıram. İnsult keçirmişdim, çox ağır günlər yaşadım. Ölkəmiz qələbə sevincini qeyd edirdi, mən isə həkim, dərman dalınca qaçırdım. Allahın bu gününə şükür, vəziyyətim xeyli yaxşılaşıb. Ayağa qalxıb əsa ilə də olsa, yeriyə bilirəm. Çalışıram ki, virusa yoluxmayım. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm, ağır günlərimdə mənə dəstək oldu”.
Xalq artisti doğma rayonu Ağdamın işğaldan azad olunduğu gün yaşadığı sevinc hisslərini dilə gətirib:
“Bu yaşıma qədər bəlkə də belə sevinməmişdim. Göz yaşlarım qurumurdu, dayanmadan ağlayırdım. Həmişə deyirdim ki, ay Allah, görəsən mən o yerləri bir də görəcəyəm? Doğulduğum, böyüdüyüm yeri gözümün qabağına gətirirdim ki, yaşlandıqca yadımdan çıxmasın. Sağ olsun Ordumuz.
Şuşanın azad olunması isə ayrı bir tarixdir. Uşaqlığımız orada keçib. Ağdamı minadan təmizləsinlər, ora gedəcəyəm. Şəhərimizi görmək üçün ürəyim gedir. Evimizin dağıdıldığını bilirəm. Allah ermənilərə lənət etsin. Hər yeri məhv ediblər.
Oraları yaşayış məskəninə çevirsinlər, mən də həyat yoldaşımla Ağdama köçüm. Şəhərimizdə musiqi məktəblərindən birində dərs demək istəyirəm. Nəvələr, nəticələr istəsələr, gələrlər. Amma mən gedəcəyəm”.