Dünyaya tolerantlıq çağırışı
Siyasi elmlər doktoru, professor,
YAP Siyasi Şurasının üzvü
Azərbaycan Respublikasının beynəlxalq aləmdə mədəni-humanitar və ictimai-siyasi münasibətlərinin möhkəmlənməsində mötəbər beynəlxalq qurum – İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı (İCESCO) ilə əlaqələrini xüsusi qeyd etmək olar.
2006-cı il noyabrın 24-də İCESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın ictimai xadim Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk öncə qadın hüquqlarının etibarlı müdafiəsində islam ölkələrinin üzərinə düşən ciddi vəzifələrə diqqət çəkdi.
ICESCO-nu 2021-ci ili “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirən Mehriban xanım bunu təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqi kimi səciyyələndirdi.
Azərbaycanın Birinci vitse-prezidenti İCESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyətində Azərbaycan qadınının cəmiyyətdə oynadığı rola xüsusi diqqət yetrimiş, onların dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz layiqli yerlərini tutmalarına dəstək olmuşdur.
Mehriban Əliyevanın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti sayəsində müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaranmışdır.
Müasir inkişafın fəlsəfəsi, iqtisadi intibahın aparıcı qüvvəsi elm, texnologiyalar və innovasiyalardır. Azərbaycan yeni çağırışların ahənginə uyğun olaraq yeni inkişaf trendlərini, sənaye cəmiyyətini formalaşdırır.
Mehriban Əliyeva bu istiqamətdə Azərbaycanın yürütdüyü siyasətin mühüm bəhrələr verdiyini, ölkəmizdə savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu, xüsusilə də qadınların ali təhsil və elmi müəssisələrdə fəal iştirakından danışdı. ICESCO ölkələrinə müraciət edərək elm və innovasiyalara daha çox sərmayə yatırmağa çağırış etdi. Bu, Mehriban xanımın humanizminin, islam dünyasının elmi intibahının artmasına xüsusi qayğıkeşliyinin nümunəsidir.
Mehriban Əliyeva, ən aktual məsələlərdən biri - bəşəri bəla olan COVİD-19-la mübarizədə də qadınların fədakar əməyini yüksək dəyərləndirdi. “Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik” fikri pandemiya ilə mübarizədə ön cəbhədə gecə-gündüz ayıq-sayıq dayanan, yüzminlərlə insanın həyatda qalmasında xüsusi əməyi olan qadınlara böyük hörmətin, ehtiramın nümunəsidir.
Sivilizasiyalar arasında dialoqun möhkəmlənməsində, tolerantlığın təşviqində xüsusi rol oynayan ICESCO həm də mədəni sərvətlərin təhlükəsizliyinin qarantıdır. Bu təşkilatın əsas məqsədlərindən biri islam mədəniyyəti nümunələrinin qormaqdır.
Məhz bu baxımdan Azərbaycanın Birinci vitse-prezidentinin videokonfransda diqqəti bu mövzuya yönəltməsi təsadüfi deyildi. Çünki erməni vandallarının dağıtdığı, məhv etdiyi maddi mədəniyyət abidələri, məscidlər, digər abidələr həm də islam mədəniyyətinin zəngin nümunələridir.
Mehriban Əliyeva 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, onun Baş direktoru doktor Salim əl-Malikə dərin minnətdarlığımı ifadə etdi, Azərbaycanda səfərdə olan ICESCO-nun nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı erməni vəhşiliyinin şahidi olduğunu bildirdi.
Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, artıq bu regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıbdır, hazırda qarşımızda azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. “Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik” deyə bəyan edərək bu işdə həm də ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa dəvət etdi.
Heç şübhəsiz ki, zəngin islam mədəniyyətinin qoruyucusu olan İCESCO Qarabağda tarixi-mədəni irsin bərpasında fəal iştirak edəcək. Ötən ay Azərbaycanda səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevlə görüşdə Azərbaycana hər zaman ən doğma ölkə kimi önəm verdiyini bildirmiş “Azərbaycanın Qələbəsi ICESCO-nun qələbəsinin bir parçasıdır” demişdi. Və ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi də artıq gerçəyə çevrilir.