Aleksandr Qusev: “Bakı Rusiya və Türkiyə ilə münasibətlərdə kompromis tapa biləcək”
Rusiya və Türkiyə Qarabağ da daxil olmaqla bir çox məsələlərdə əməkdaşlıq edirlər. Biz Türkiyə tərəfinin əhəmiyyətini və rolunu başa düşürük.
Bu sözləri Rusiya Elmlər Akademiyasının (REA) professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev Media.Az-a müsahibəsində bildirib.
O, Vaşinqtonun Ankaraya münasibətinə gəlincə isə bunun xüsusi məqam olduğunu deyib: “Ağ Evin hazırkı rəhbərliyi Türkiyədən bir qədər uzaqlaşacaq, Avropa ölkələrinin mövqeyini dəstəkləyəcək. Co Bayden Avropanı çox sevir və bu baxımdan Barak Obamaya bənzəyir. Beləliklə Vaşinqtonun Ankara ilə kifayət qədər mürəkkəb münasibətləri olacaq”, - deyə o, proqnoz verib.
Ekspert həmçinin Türkiyə tərəfinin xarici siyasət tendensiyasını bir qədər dəyişdirəcəyi barədə fikirlər irəli sürüb. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına qəbul olunmayacağını çoxdan başa düşüb. Avropalılar və amerikalılarla münasibətlər son illərdə pisləşib”, - deyə o bildirib.
A.Qusev Moskvanın da öz növbəsində Türkiyə Cümhuriyyətinin regiondakı və İslam dünyasındakı rolunu, əhəmiyyətini çox yaxşı başa düşdüyünü vurğulayıb: “Buna görə amerikalılar və avropalılar üçün Türkiyə ilə Rusiya arasında heç bir ittifaqın olmaması vacibdir, bu tandemi hər zaman pozacaqlar. Ancaq bu, Qərbin Moskvaya nisbətdə Ankara ilə münasibətini gücləndirəcəyi anlamına gəlmir”.
REA professoru bununla birlikdə Ərdoğanın postsovet məkanında, o cümlədən Azərbaycanda Türkiyə maraqlarını təşviq etmək üçün öz baxışının olduğunu qeyd edib.
“Bakı isə, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin təcrübəsini nəzərə alsaq, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə faydalı kompromis tapa biləcək”, - deyə A.Qusev sözlərini yekunlaşdırıb.