“Ermənistanı və Abxaziya separatçılarını yaxşı heç nə gözləmir” – GÜRCÜSTANDAN MÜSAHİBƏ



 

Abxaziya separatçı rejimi bu ərazi üzərindən Rusiya ilə Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması layihəsində iştirak etməyə hazır olduğu barədə xəbər yayılıb. Eyni zamanda, Gürcüstan haqqında bir kəlmə də deyilmir, sanki o yoxdur, amma Abxaziyanın Ermənistanla sərhədi var.

Xatırladaq ki, Abxaziya “parlamenti” ötən gün Rusiya Dövlət Dumasına müraciət edərək bildirib ki, respublika bərabər şərtlərlə Abxaziya üzərindən Rusiya ilə Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması layihəsində iştirak etməyə hazırdır (“RİA Novost”inin məlumatı).

Gürcü analitik, “Gürcüstan Milliyyətçilərinin Birliyi” partiyasının üzvü Gia Kuçava vəziyyəti Media.Az-a şərh edib:

- Gürcüstan rəhbərliyinə heç bir müraciət göndərilməyib. Gürcüstan tərəfinin razılığı olmadan dəmir yolu əlaqəsinin açılması da sadəcə mümkün deyil.

Qeyd etmək istərdim ki, bu məsələ hələ 2011-ci ildə müzakirə edilib və o zaman prezident Mixail Saakaşvili sərhədləri müəyyən şərtlərlə açmağa hazır idi. Abxaziyanı Rusiyanın Krasnodar ərazisindən ayıran Psou çayı üzərində - bu Rusiya-Gürcüstan sərhədidir- monitorinq həyata keçirən İsveçrə gömrük işçiləri dayanmalı idi.

Bəlkə də Abxaziyada bu planı yadlarına salıblar. Ancaq müraciətdə Gürcüstanın adını çəkməmək sadəcə görünməmiş həyasızlıqdır. Bundan əlavə, əminəm ki, Abxaziya tərəfi Moskva ilə razılaşmadan belə açıqlamalar verə bilməzdi.

- Gürcüstan öz ərazisi ilə Ermənistana belə bir dəmir yolu rabitəsi açmağa hazırdır?

- Bu bizim maraqlarımıza uyğun deyil. Şəxsi fikrim budur ki, hazırkı mərhələdə bu sərhəd açılmamalıdır. Orada keçən insanların pasportlarında tanınmamış Abxaziya ərazisində olduqlarını göstərən möhür yox, Gürcüstanın tam nəzarəti olmalıdır. Abxaziyanın iqtisadi blokadası davam etdirilməlidir.

- Yeri gəlmişkən, iqtisadi blokada barədə danışaq. Gürcüstandan Abxaziyaya elektrik enerjisi tədarükü barədə soruşmaya bilmərəm, hansı ki, Gürcüstanın ən böyük su elektrik stansiyası olan İnquri hidroelektrik stansiyasının güclərindən istifadə edərək kriptovalyutaların əldə edilməsi ilə fəal məşğul olur.

- Bəli, belə bir şey var. Hələ 1990-cı illərdə Eduard Şevardnadze Rusiya Prezidenti Boris Yeltsin ilə razılığa gəldi və bundan sonra Inquri SES-dən müəyyən miqdarda elektrik enerjisi Abxaziyaya ötürülməyə başlanıldı. Bu, oranın Gürcüstan ərazisi olması, vətəndaşlarımızın orada yaşaması ilə motivasiya edildi.

İnquri hidroelektrik stansiyasının özü Gürcüstanın nəzarət etdiyi ərazidə yerləşir, ancaq “idarəetmə paneli” Abxaziyadadır. Gürcüstan tərəfi vaxtında vəziyyəti dəyişdirə, su elektrik stansiyasına nəzarəti ərazisinə keçirə bilərdi, amma nədənsə Şevardnadze hökuməti bunu etmədi.