22 “Grammy” mükafatı almış əfsanəvi caz pianoçusu vəfat edib
Əfsanəvi caz pianoçusu və bəstəkar Çik Koria 79 yaşında vəfat edib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə musiqiçinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Bildirilir ki, o xərçəngin nadir növündən dünyasını dəyişib.
Musiqiçi ölümündən əvvəl yaxınlarına və pərəstişkarlarına “musiqi atəşinin alovlanmasına kömək etdikləri üçün” minnətdarlığını bildirib.
Çik Koria Çelsidə italyan immiqrantlarının ailəsində anadan olub. Professional karyerasına 1962-1963-cü illərdə başlayıb. O, Latın Amerikası pop musiqisini ifa edən qruplarda fortepianoda müşayiət edib. Koria 1970-ci illərin ortalarında, əsasən “Return to Forever” qrupundakı çıxışı ilə məşhurlaşıb.
Musiqiçi 22 “Grammy” mükafatına və iki latın “Grammy” mükafatına layiq görülüb.