Ermənistan törətdiyi əməllərə görə təzminat ödəməlidir



 

Ötən il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin əksər hissəsinin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. 

Azərbaycan xalqı, ordumuz öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddət ərzində darmadağın edildi. Milli Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Erməni faşistlərinin tör-töküntüləri bu gün də Dağlıq Qarabağ ərazilərində ara-sıra baş qaldırır və təxribat törətməyə çalışırlar. Anlamırlar ki, belə cəhdlər faydasızdır və “dəmir yumruq” yenidən öz gücünü göstərə bilər. Vəhşi yırtıcı xislətə malik ermənilər ötən 30 il ərzində Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğalda saxlayaraq, həmin ərazilərdə dəhşətli dağıntılar törətmişlər. Nəticədə insanlarımıza, ölkə iqtisadiyyatına, tarixi, mədəni, dini obyektlərimizə, ekologiyamıza, təbii sərvətlərimizə milyardlarla manatlıq ziyan vurmuş, bəşəri cinayətlər törətmişlər. Təbii ki, Ermənistandan təzminat tələb etmək bizim haqqımızdır və qabaqcadan deyim ki, belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub. Ermənistan nəinki son 30 il ərzində, eləcə də Vətən müharibəsinin gedişində də beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisində - döyüş bölgəsindən uzaqda dinc əhaliyə və mülkü infrastruktura yönəlik cinayətlər törədib. 

Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunmuş və Ermənistanın bütün bunlara görə cavab verəcəyini bildirmişdir. Dövlət başçısı bəyan edib ki, Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın torpağa, suya, meşəyə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyan dəqiq hesablanacaq. 

Xatırlatmaq istərdim ki, ölkə başçısının 2020-ci il 6 noyabr sərəncamına əsasən, ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb oluna bilər. Humanitar hüququn əsasını 1949-cu ildə imzalanan “Cenevrə hüququ”, Haaqa konvensiyalarına (1899-cu və 1907-ci illər) dayanan “Haaqa hüququ” və BMT-nin Baş Assambleyasının bəzi qətnamələri təşkil edir. Başqa sözlə desək, “Cenevrə hüququ” döyüşlər zamanı bu qarşıdurmalarda iştirak etməyən şəxsləri, o cümlədən yaralılar, əsirlər, mülkü şəxslər və başqalarını qoruyur. “Haaqa hüququ” isə zorakılığın qarşısının alınması üçün döyüş aparılmasının müəyyən metod və vasitələrinin məhdudlaşdırılması və qadağan olunmasını təmin edir. O da var ki, bəzi hüququ adət normaları daha önəmli hesab olunaraq imperativ hüquqi normalar kimi qəbul edilir və mütləq şəkildə hər kəsə aid olunur. Əslində Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyd-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib. 

Bütün bunlarla yanaşı, Ermənistanın beynəlxalq hüququ pozan davranışları BMT vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsinə də çıxarıla bilər. O ki qaldı qarşı tərəfin təzminatı necə ödəməsinə, buna dair misal gətirmək yəqin ki, yerinə düşər. İlk növbədə yada salaq ki, BMT-nin Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, 1991-ci ildə İraqın 1990-1991-ci illərdə Küveytə qanunsuz işğalı nəticəsində təzminat ödəməsini təmin etmək məqsədilə yaradılıb. Komissiya bugünədək 350 milyard dollar təzminatın ödənilməsinə nail olub. Xüsusi vurğulamaq lazımdır ki, zərərçəkmiş hər bir Azərbaycan vətəndaş Ermənistan dövlətini “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya əsasında yaradılmış Avropa İnsan Hüquqları Məhkəməsinə verə bilər və təzminat tələb edə bilər. 

Göründüyü kimi, bütün hallarda təcavüzkar Ermənistan dövləti, o cümlədən ayrı-ayrı qaniçən cəlladlar məsuliyyətdən yaxa qurtara bilməyəcək və beynəlxalq hüquq normaları çərçivəsində öz cəzalarını alacaqlar. Onların törətdiyi əməllərə görə Azərbaycana təzminat ödəyəcəkləri isə qaçılmazdır. 

Əliabbas Salahzadə, millət vəkili