Komitə sədri Xudavəng monastırının alban məbədi olması faktlarından DANIŞDI



 

“Etiqad elə məsələdir ki, burada səmimiyyət ən birinci şərtdir. Əgər inanc səmimi deyilsə, deməli etiqaddan söhbət gedə bilməz, bu, riyakarlıqdır”.

Bunu “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ermənilərin Kəlbəcərdəki Xudavəng monastrını ziyarət etmək niyyətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Xudavəng monastırı qədim alban məbədidir və bunu sübut edən faktlar var.

“Tarixdən bəllidir ki, rus çarı I Nikolay 1836-cı ildə erməni-qriqoryan kilsəsinin təhriki ilə, qeyri-qanuni olaraq Alban katolikosluğunu ləğv etmiş və yerində erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya, həmçinin erməni-qriqoryan kilsəsinin Tiflis konsistoriyasının tərkibində Gəncə vikariatlığı yaratmışdı. Bu qərar ona görə qeyri-qanuni idi ki, erməni-qriqoryan kilsəsi ilə Alban Kilsəsi dini baxımdan tamamilə ayrı istiqamətlərdir.

Ən maraqlı məqam isə odur ki, çar Rusiyasının dövründə Dağlıq Qarabağdakı alban kilsələri erməni-qriqoryan kilsəsinə verilsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər. Baxın, çarın fərmanında “verilmə” deyilir və bu, həmin abiədələrin erməni qriqoryan-kilsəsinə aid olmadığını aydın göstərir”, - deyə M.Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, hətta sovet dövründə də həmin abidələr Azərbaycanın maddi irsi kimi qorunub və orada heç vaxt dini ayin icra olunmayıb:

“Yuxarıda dediyim səmimiyyət məsələsindən doğan bir sual ortaya çıxır: yaxşı, əgər bunlar erməni dini məbədləridirsə, niyə ermənilər bu kilsələrdə heç vaxt ibadət etməyiblər? Xudavəng birmənalı alban kilsəsidir və onun yerləşdiyi Kəlbəcər rayonunda ermənilərin heç vaxt yaşamaması bunun əyani sübutlarındandır. Nəinki Xudavəng, heç XIX əsrdə zorla erməni-qriqoryan kilsəsinin tabeçiliyinə verilən Gəncəsər və Ağoğlan kilsələrində də ermənilər dini ayin keçirməyiblər”.