Deputat Azərbaycanın Ermənistana qarşı Avropa Məhkəməsindəki ilk şikayətini şərh etdi



 

“Azərbaycan Dağlıq Qarabağdakı separatçı rejimin 30 ilə yaxın işğalçı davranışlar sərgiləməsi və 44 günlük müharibə zamanı vətəndaşlarımızın hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə bağlı Ermənistan barəsində Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib”.

Bu barədə Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin sədr müavini Kamal Cəfərovun İsveçrənin “SwissInfo” nəşrində yayımlanan məqaləsində bildirilib.

Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində vətəndaşlarımızın yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır.

Deputatın sözlərinə görə, rəsmi Bakı bununla yanaşı, həmçinin Azərbaycanın indiyədək 3 890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürüb.

“Eyni zamanda çox sayda vətəndaşlarımızın Birinci Qarabağ müharibəsi dövründə Ermənistan qüvvələri tərəfindən əsir götürüldüyü, işgəncələr və qeyri-insani rəftarlara məruz qaldığı, məcburi köçkünlərin evlərinə qayıtmaq, ibadət yerlərini və dəfn edilmiş yaxınlarını ziyarət etmək hüququndan məhrum edildikləri diqqətə çatdırılıb”, - deyə K.Cəfərov bildirib.

Bundan əlavə, məqalədə 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə, mülki infrastruktura qarşı zərbələr endirildiyi diqqətə çatdırılıb. Bununla da deputat İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulmasını faktlarla əsaslandırıb.

Məqalədə qeyd olunub ki, rəsmi Bakı Ermənistan ordusu tərəfindən azərbaycanlı hərbi əsirlərə qarşı pis rəftar və əsgərlərimizin cəsədlərinin doğranması iddialarını da təqdim edib.

Qeyd edək ki, bu, Azərbaycan dövlətinin Avropa Məhkəməsində Ermənistana qarşı ilk şikayətidir.