GUAM PA-ya sədrlik Gürcüstana verildi
Fevralın 10-da GUAM Parlament Assambleyasının (PA) videokonfrans formatında 15-ci Büro iclası keçirilib. İclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Tədbirdə GUAM PA-nın komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının bəyannamə layihəsi və digər məsələlərə baxılıb.
GUAM PA-nın sədri və qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev təşkilatın iyulun 24-də keçirilmiş növbədənkənar 14-cü Büro iclasında GUAM PA-ya üzv ölkələrə Ermənistan-Azərbaycan təmas xəttində Ermənistanın təxribatı nəticəsində baş verən gərginliklə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə öz təşəkkürünü ifadə edib.
Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib.
Müzakirələr zamanı GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgiy Xelaşvili, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayıblar.
GUAM PA-nın Baş katibi Altay Əfəndiyev əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair öz rəy və təkliflərini diqqətə çatdırıb.
Tədbirdə GUAM PA-ya sədrlik Gürcüstana təhvil verilib.