Avroliqanın Portuqaliya və İspaniyada keçirilməli olan iki oyunu İtaliyada baş tutacaq



 

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirililməli olan daha iki qarşılaşma öncədən nəzərdə tutulduğu məkanda oynanılmayacaq.

Belə ki, “Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) qarşılaşmaları əvvəldən planlaşdırılan stadionlarda baş tutmayacaq.

Portuqaliya və İspaniyada keçirilməli olan hər iki qarşılaşa İtaliyada oynanılacaq. Bu görüşlər müvafiq olaraq, Romadakı “Olimpiko” və Turindəki “Yuventus” stadionlarında təşkil olunacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, matçların əvvəlcədən nəzərdə tutulduğu məkanlarda keçirilməməsinə səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi ölkələrdə sərt karantin tələblərinin tətbiq olunmasıdır.

Bununla əlaqədar, Avroliqada daha öncə “Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) matçının da İspaniyanın Vilyarreal şəhərindəki “Seramika” stadionunda keçirilməsinə qərar verilmişdi.

UEFA hətta Çempionlar Liqasında da bəzi matçların keçirilmə yerlərini dəyişdirib.