Qırğız politoloq: “Ermənistanın reallıqları qəbul etməyinin vaxtı çatıb”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi, belaruslu general Stanislav Zas mətbuat konfransında qurumun müharibədə Ermənistana nə üçün yardım göstərmədiyi barədə erməni jurnalistlərin suallarını cavablandırıb. O, İrəvanın KTMT-yə müraciət etmədiyini deyib. Bəs İrəvan müraciət etsəydi nə baş verərdi? Döyüşlər Azərbaycanın işğal olunmuş ərazisində gedirdi və Ermənistana heç bir şəkildə dəxli yox idi...
Bununla bağlı qırğız politoloq, regional təhlükəsizlik üzrə ekspert Mars Sarıyev Media.Az-a şərh verib.
Onun sözlərinə görə, Ermənistanın müraciəti halında, KTMT, təbii ki, reaksiya verməzdi.
“Müharibə Azərbaycanın ərazisində aparılırdı, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, buna görə KTMT-nin müdaxiləsi üçün heç bir səbəb yox idi”, - deyə, o, vurğulayıb.
Qeyd edək ki, müharibədəki məğlubiyyətdən sonra İrəvanda vəziyyətin son dərəcə gərginləşib. Azərbaycanın KTMT-də mümkün bir müşahidəçi kimi qəbul edilməsinin müzakirə olunması İrəavan bir sillə kimi qəbul edə bilər, çünki onlar buna imkan verilməyəcəyini deyirdilər.
Politoloqun sözlərinə görə, burada “Böyük Ermənistan” doktrinası İrəvan üçün pis rol oynayıb.
“Ancaq indi ayılmaq və reallıqları anlamağının vaxtı gəlib. Türkiyə və Rusiya bölgənin çiçəklənməsinə kömək edəcək”, - deyə Mars Sarıyev bildirib.