Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb



 

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, spiker qonağı salamlayaraq, Azərbaycanın dost və qardaş Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün Azərbaycan və Gürcüstan həyatın ən müxtəlif sahələrində faydalı əməkdaşlıq edirlər. İki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. 

Qeyd edilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi sahədə yüksək göstəricilərin əldə edilməsinə zəmin yaradıb. Bu gün iki dost və qonşu ölkə olaraq Azərbaycan və Gürcüstan qlobal layihələrin reallaşmasında, bölgədə rifahın bərqərar olunmasında səmərəli fəaliyyət göstərirlər.

Sədr qeyd edib ki, parlamentlər səviyyəsində də münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir. Deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.  Biz Azərbaycanın apardığı Vətən müharibəsində - 44 günlük savaş dönəmində Gürcüstanın göstərdiyi  mövqeyi yüksək qiymətləndiririk. İnanırıq ki, bu münasibətlər gələcəkdə daha da dərinləşəcək.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirib ki, yüksək səviyyəli siyasi münasibətlərin mövcudluğu xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. İqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız günbəgün inkişaf edir. 

Biz parlamentlər səviyyəsində də əlaqələrimizi intensivləşdirmək niyyətindəyik. Qonaq Gürcüstan parlamentinin fəaliyyəti haqqında məlumat verərək deputatların müxtəlif platformalarda görüşlərinin və qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Bildirilib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün səylərini əsirgəməyib.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.