Məmurların Şuşada torpaq zəbt etmək niyyətləri xoş hal deyil – Deputat ŞƏRHİ



 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Prezident İlham Əliyevin bəzi məmurların Şuşada torpaqları zəbt etmək barədə çıxışını şərh edib.

Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında Azərbaycan Televiziyasına müsahibəsində bir çox məmurun Şuşada özlərinə iqamətgah tikmək istəmək planlarından danışıb.

Siyahıda Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Azəravtoyol” sədri Saleh Məmmədov, AZAL rəhbəri Cahangir Əsgərov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev var.

Millət vəkili V.İskəndərov Oxu.Az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev dövlət məmurlarının adlarını çəkməklə narazılığını xalqla bölüşüb.

“Cənab prezident lazım bildi ki, əhali də bəzi məmurların ambisiyalarından xəbərdar olsun. Bu, ölkə idarəetməsində çox önəmli məsələdir. Buna görə də əhalinin mütləq əksəriyyəti seçkilərdə və müxtəlif rəy sorğularında cənab Prezident İlham Əliyevi dəstəkləyir”,-deyə V.İskəndərov əlavə edib.

Onun sözlərinə görə, məmurların Şuşada torpaq zəbt etmək niyyətləri xoş hal deyil.

“Hər bir qurumun ona həvalə edilmiş sahəsi və məsuliyyəti var. Məmurların ölkə səviyyəsində görülən işlərdə dövlət başçısı ilə məsləhətləşmələri vacibdir – bu, subardinasiya qaydalarıdır. Dövlət başçısı müsahibədə dedi ki, razılaşdırılmadan işğaldan azad olunmuş ərazilərdə nümayəndəliklərin açılacağı barədə bəyanatlar özbaşınalıqdır və yolverilməzdir”.

Deputat məmurların ambisiyalarına son qoymaq üçün bəzi təkliflər də səsləndirib.

Onun fikrincə, əsas məsələlərin kökündə dayanan vacib məqam var ki, bu da ictimai nəzarət mexanizminin inkişaf etməsidir.

“Bu məsələdə gəlin boynumuza alaq ki, istədiyimiz səviyyəyə gəlib çatmamışıq”, - deyən deputat onu da vurğulayıb ki, gənclər təşkilatları, fəallar ictimai nəzarət sahəsində aktivliyi artırmalıdırlar.

“İctimai nəzarət dedikdə daha çox inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salırıq. Problemləri həll etmək üçün prezidentə dəstək verməyimiz çox vacibdir. Hər birimiz öz əməlimizlə çalışmalıyıq ki, ölkəmizin gələcəyi üçün töhfələrimizi verə bilək. Azərbaycanda ictimai nəzarətin yeni formada inkişaf etdirilməsi üçün hər birimizin üzərinə məsuliyyət düşür”.

V.İskəndərov bildirib ki, hər vətəndaş daha diqqətli olmalıdır. 

“Azərbaycanda yeni quruculuq işləri həyata keçirir. Dünya dəyişən, inkişaf edən Azərbaycanı görür. Həm də ona çalışmalıyıq ki, dünya işğaldan azad edilmiş ərazilərin necə sürətlə inkişaf etdirilməsini görsün. Gənclərimiz, savadlı insanlarımız innovativ ideyalar irəli sürməli, bunun üçün təşəbbüslər göstərməlidirlər”, - deyə V.İskəndərov yekunlaşdırıb.

Aqşin Kərimov