Əli Əsədov yeni komissiyanın tərkibini təsdiqlədi
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın tərkibi məlum olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.
Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
Komissiyanın tərkibinə həmçinin Azərbaycanın maliyyə, əmək və əhalinin sosial müdafiəsi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, ədliyyə, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət nazirləri, eyni zamanda Nazirlər Kabineti Aparatının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrrləri və Baş nazirin köməkçisi daxildir.
Müəyyən edilib ki, komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın (bundan sonra – Strategiya) layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.
İqtisadiyyat Nazirliyi Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməli, 15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməli (Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı), Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməli, görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinə tapşırılıb ki, Strategiyadan irəli gələn məsələlərin Azərbaycan Respublikasının İqtisadi Şurasında mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.
Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.