İslam dünyasının ortaq dəyəri – Müqavimət və Şəhadət fəlsəfəsi



 

Qurban Cəbrayıl

“Qələm” Yazarlar Birliyinin sədri

 

İranla Azərbaycanı birləşdirən dəyərlər çoxdur və bu barədə xeyli yazılıb, danışılıb. Tarixi, siyasi, iqtisadi, mədəni, coğrafi, dini, adət-ənənə eyniliklərinin əhatələndiyi və uzadılması mümkün siyahıda məncə, əsas yerlərdən birini də müqavimət və şəhadət fəlsəfəsi tutur.

Hərçənd, diqqətli oxucu müəllifə Aləmlərin Rəbbinin sonuncu və ən mütərəqqi səmavi ideologiyasını, müqəddəs Kitabını xatırladaraq, cihadın, şəhidliyin İslami tövsiyələrdən kənara çıxarılmasına eirazını bildirər, hətta müəllifi qınayar da…

Yüz faiz razıyam, tamamilə haqlıdır. Amma və lakin… Bizlərdə bir yandan sovet imperiyasının təzyiqi və bəzi ərəb dövlətlərinin loyallığı, digər tərəfdən isə Qərbin qurama din modeli təlqini ilə İslam barədə elə yanlış stereotiplər formalaşıb ki, bu barədə düşünəndə gözlər önündə yalnız namaz-oruc ibadəti və dəfn mərasimi canlanır…

Həmin səbəbdən irticanın illərlə zehinlərin dar küncünə pərçimləməyə çalışdığı İmam Hüseyn Məktəbi zülmə etiraz hayqırtısı ilə bütün buxovları qırdı və beləliklə, “bölmə, şöbə, filial” çərçivəsindən çıxaraq “müstəqil idarəçilik” kimi fəaliyyət göstərməyə başladı. Və məhz Müqavimət və Şəhadət Dərsləri sayəsində Azərbaycan erməni quldurları tərəfindən ilhaq edilmiş cənnət-məkan ərazilərinə qovuşdu, İran haqsız təzyiq və sanksiyalara tab gətirə bildi, Fələstinin hər günü mason-sionist rejimlə cihadda keçir, Türkiyə dövlət çevrilişinə cəhd kontekstində dinc əhalinin qırğınından son anda qurtuldu və sair.

Azərbaycan və İranın uzaq-yaxın keçmişinə ekskurs hər iki ölkənin, dövlətin və xalqın demək olar ki, oxşar tale yaşadıqlarını bir daha yəqinləşdirir. Allahın əlverişli geopolitik mövqe və zəngin təbii sərvətlər bəxş elədiyi bu torpaqlar lap qədimdən mürtəce qüvvələrin iştahası altına düşüb, vətənimizə müstəmləkə, bizlərə qul, kölə münasibəti ilə üstümüzə diş qıcıyıblar, varidatımızı talayıb aparıblar. Məmləkətlərimiz zaman-zaman Papaların xeyir-dua verdiyi səlib yürüşlərinə tuş gəlib, qərbli işğalçıların ayaqlarında tapdalanıb…

Arazın o tayında şah rejimi, bu tərəfində isə “qırmızı imperiya” tərəfindən xalq kütlələri əzilib, azadlıq mücahidlərinə divan tutulub…

1920-ci il aprelin 28-də Şərqdə ilk demokrat təsisat olan Xalq Cümhuriyyəti sovetlərin qanlı caynaqları ilə boğulub, 1979-cu il İslam inqilabının qələbəsi zəminində qurulan İslam Respublikasının üzərinə ABŞ-ın təhriki ilə İraqdakı Səddam rejimi qaldırılıb, iki qonşu, qardaş savaşında xeyli qanlar axıdılıb, qurbanlar verilib. 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi Aktı imzalayıb zorən qoşulduğu İttifaqdan çıxan Azərbaycan Ermənistanla açıq müharibəyə cəlb olunub və yalnız 29 il sonra təcavüzə məruz qalmış torpaqlarını azad edə bilib.

İrana birbaşa hücuma cəsarətləri çatmayan irticaçı qüvvələr antiterror koalisiyası adı ilə pərdələnərək 2011-ci ilin martından Suriyaya bomba yağdırır və Tehranı da həmin münaqişəyə çəkməyə çalışırlar. İkicə aydan sonra 10 yaşı bitəcək “vətəndaş savaşı” kimi qələmə verilən dəhşətli genosid nəticəsində xarabazarlığa çevrilən bu ölkə əslində bufer zona rolunu oynamaq məcburiyyətində qalıb. 1992-ci ildə ABŞ Konqresində ölkəmizə birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa Dəstək" Aktına 907-ci düzəliş qəbul olunub; işə bax, guya Azərbaycan Dağlıq Qarabağı "işğal etmək", Ermənistanı isə “blokadaya salmaq” istəyirmiş…

Məntiqinə və təklifinə lənət, senator Con Makkeyn!.. 2016-cı ildən Tramp komandası Amerikanı “Birgə Hərtərəfli Fəaliyyət Planı” adlandırılan nüvə sazişindən çıxararaq İrana qarşı amansız sanksiyalar tətbiq edib. İllərdir ki, rəsmi Bakı boşboğaz bəyanatları ilə daşnak dəyirmanına su tökən ATƏT-in Minsk qrupunun, rəsmi Tehran 6+1 formatına daxil yayğın, öz imzaladıqları sənədə hömət göstərməyən dövlətlərin nazını çəkir. Nə isə… Oxşar tale yollarında başımıza gətirilən müsibətlər, qarşımıza qoyulan süni maneələr saymaqla bitib tükənən deyil.

Ancaq, həmd-səna olsun Uca Tanrıya ki, bütün əngəlləri dəf etməyi bacardıq və Şəhadət Məktəbindən mənimsədiyimiz eşq şanlı mücadilələrdə köməyimizə çatdı. Azərbaycan Ali Baş Komandanın uzaqgörən siyasəti, dövlət-xalq birliyi, müzəffər ordumuzun rəşadəti sayəsində 30 ilə yaxındır, erməni işğalında inləyən torpaqlarımızı azadlığa, həqiqi sahiblərinə qovuşdurdu. 8 illik müharibədə şəhidpərvər İran xalqı nə İslam inqilabına xələl gəlməyə qoydu, nə də bir qarış ərazisini güzəştə getdi. Qeyri-insani sanksiyalar dövründə müdrik idarəçilik, insanlarınn dözümü və zəhmətkeşliyi sayəsində milli resurslardan istifadə, daxili istehsalı artırmaqla ayaq üstdə durdu, büdrəmədi, düşmənə boyun əymədi…

Amma bütün bunlar itkisiz, qurbansız olmur təəssüf ki… Və eyni rakursdan İran da, Azərbaycan da terrora, təxribata, ikili standartlara məruz qalan dövlətlərdir. Fərqi yoxdur, passiv kütləvi (məsələn, embarqolar zəminində aviasiya ehtiyat hissələri qıtlığı üzündən təyyarə qəzalarındakı itkilər, yaxud zəruri dərman pereparatları çatışmazlığına görə ölüm halları…), ya da aktiv fərdi (yəni, ölkənin tərəqqisində xüsusi xidmətlərə malik, düşmən təxribatına sinə gərən siyasi liderin, hərbçinin, alimin aradan götürülməsi) terror olsun - məqsəd, nəticə, hüquqi qiymət fərqlənmir - qatı cinayət aktıdır, önlənməli, pislənməli, lənətlənməli, sifarişçi və icraçılar beynəlxalq tribunallarda cavab verməlidirlər.

Elə ötən əsrin başlanğıcından mənfur daşnakların əli ilə respublikamıza, xalqımıza qarşı törədilən soyqırımları kiçikdən-böyüyə hamıya məlumdur. Soydaşlarımız dörd dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1993- cü illərdə) erməni millətçilərinin etnik təmizləmə və deportasiyası ilə üzləşmişlər. 1937-ci il repressiya dalğasında Firudin bəy Köçərli, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Xədicə Qayıbova, Mikayıl Müşfiq, Abbas Mirzə Şərifzadə və digər minlərlə ziyalımız məhv edildi. Görkəmli dövlət xadimi Nəriman Nərimanov, yenilməz sərkərdə Həzi Aslanov, dünya şöhrətli müğənni Rəşid Behbudov, tanınmış şərqşünas, akademik Ziya Bünyadov, peşəkar hərbçi general-leytenant Rail Rzayev və başqalarının müəmmalı ölümü, yaxud qətli üzərindən sirr pərdəsi hələ də qalxmayıb…

poladmubariz

Milli qəhrəmanlarımız - general Polad Həşimov, Mübariz İbrahimov və minlərlə şəhidimizin sıralarımızdan qoparılması, cismani yoxluqları ürəyimizi göynədir…

Bu məqamda dünyanın müxtəlif ölkələrində ASALA terrorçularının bombalı hücumunda həlak olmuş türk diplomatlarının əziz xatirəsini də hörmət və rəhmətlə yad edirik.

İslam İnqilabının, İran dövlətinin və xalqının cəsur müdafiəçiləri, hərbi taktika, strategiya və müasir texnologiyaların biliciləri Şəhid Fəllahi, Şəhid Hemmat, Şəhid Camiran, Şəhid Bakiri, Şəhid Babayi, Şəhid Doran, Şəhid Xarrazi məhz Qərb və mason-sionist irticasının terror hədəfinə tuş gəldilər. Suriyada legitim hakimiyyətin dəvəti ilə zəruri obyektlərin və müqəddəs məkanların qorunmasına qatılmış onlarla sərdar və hərbi mütəxəssis həyatını itirdi. Birinci Qarabağ savaşının ilk günlərində Azərbaycana köməyə gələn iranlılar arasında da sağlamlığı ziyan çəkənlər, şəhidlik məqamına yüksələnlər var.

iramski

Yola saldığımız ilin əvvəlində, daha dəqiq, yanvar ayının 3-də SEPAH-ın Qüds briqadasının komandanı, igid general Qasim Süleymani Bağdad aeroportunda əyləşdiyi maşının raketlə vurulması nəticəsində şəhadətə qovuşdu. Onu qarşılayan Haşdi-Şabi özünümüdafiə qüvvələrinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis və təhlükəsizlik əməkdaşları da şəhid oldular.

Rəsmi dövlət adamı, öz ölkəsinin prezidentindən İraq rəhbərliyinə məktub aparan şəxsin bölgədə sülh və əminamanlığın bərpası, İŞİD tör-töküntüləri ilə mübarizə istiqamətində fəaliyyəti, haqq işi təbii ki, həmin terrorçulara himayə göstərənlər tərəfindən önləndi. Rəsmi Tehran amansız terrorda 48 nəfərin iştirakını artıq müəyyənləşdirib ki, onların da başında prezident kürsüsündən qopmaq istəməyən rüsvayçı Donald Tramp dayanır…

iranski

Bir ay əvvəl, noyabrın 2-də İranın dincməqsədli nüvə proqramının əsas simalarından biri, Müdafiə nazirinin müavini Möhsün Fəxrizadə Dəmavənd əyalətinin Absərd bölgəsində avtomobilinə silahlı hücum nəticəsində ağır yaralandı və xəstəxanada dünyasını dəyişdi. Cinayət aktı araşdırılır, hələ yekun rəy açıqlanmasa da izlər yenə də beynəlxalq sionizmə tərəf aparır…

Terrorun, terrorçunun vətəni, milləti, dini olmur, deyirlər. Qismən razıyıq. Lakin mərkəzi, yönəldicisi, ilhamvericisi, maliyyəçisi ki var…

Əlahəzrət faktlar son hadisələrin tamamilə Qərbdən qaynaqlandığını təsdiqləyir. Onlar bizlərlə döyüş meydanında üzbəüz gəlməyə qorxurlar, genimizə, ruhumuza hopan şəhadət fəlsəfəsindən ehtiyatlanırlar…

Həzrət Məhəmməd (s) idarəçiliyinin, İmam Hüseyn (ə) Məktəbinin, İntizar Fəlsəfəsinin, İmam Zamanın (əc) necə və harada zühur edəcəyinin öyrənilməsinə milyonlar xərcləyirlər. Siyasi, iqtisadi, elmi, mədəni, dini, insani əzəmətimizə paxıllıqlarından, qısqanclıqlarından doğan qisasçılıqlarını isə terrorla, sui-qəsdlə söndürməyə çalışırlar…

Bu, sağlam mübarizə yolu deyil, psixopatların, manyakların, vəhşilərin boğuşma tərzidir, hansı ki, bəşəriyyəti yeni toqquşmalar müstəvisinə, uçuruma, məhvə sürükləyir…