Gəncliyini Ağdamda keçirən deputat: “Doğulduğum torpağın hər qarışını yenidən gəzəcəm” - MÜSAHİBƏ



 

Mən Ağdam rayonunda anadan olmuşam. Ağdamla yanaşı, Şuşanın, Kəlbəcərin də hər qarışına bələdəm. Bilirsiz, illər sonra yenidən o torpaqlara qayıdırıq, bu çox qürurverici hissdir.

Bu sözləri Oxu.Az-a müsahibəsində Milli Məclisin Ağdam rayonunun deputatı Bəxtiyar Əliyev deyib.

- Azərbaycan ordusu düşmənin 27 sentyabrdan başlayan təxribatlarına cavab olaraq qısa müddət ərzində işğal altında olan ərazilərimizi azad etdilər. Xüsusilə də, Ağdamın işğaldan azad olunması ilə bağlı Sizi təbrik edirəm.

- Ali Baş Komandanın əmrini icra edən Azərbaycan ordusu Şuşa qalasını hətta əlbəyaxa döyüşlərlə azad edib. Bütün bunlar onu göstərir ki, ölkə başçısı İlham Əliyev həm xarici, həm də daxili siyasətdə düzgün addımlar atıb. Bunun nəticəsidir ki, ordumuz işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması üçün apardığı yürüşü başa çatdırdı. Birinci Qarabağ savaşında 3 il ərzində torpaqlarımız işğal edilmişdi. Ancaq bu gün müzəffər Azərbaycan ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi.

Döyüşdə qazandığımız qələbə ilə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və işğalçıların döyüşsüz Ağdam, Kəlbəcər, Laçın rayonlarından çıxmasını təmin etdik. Bu ordumuzun məhz döyüş meydanındakı təmiz qələbəsinin nəticəsidir.

- Döyüşlərdə bütün əsgərlərimiz əllərindən gələni əsirgəmədi, böyük şücaət göstərdilər.

- Əlbəttə. Azərbaycanın yenilməz ordusu var. Qeyd etmək istərdim ki, ağdamlılar Birinci Qarabağ Müharibəsində də çox böyük şücaət göstərib. Ağdam 6 minə qədər şəhid vermişdi. Ağdamın Birinci Qarabağ Müharibəsində 17 Milli Qəhrəmanı olub. İkinci Qarabağ Müharibəsində də ağdamlılar qəhrəmancasına döyüşüb, torpaqlarımızı azad etdilər. Mən əminəm ki, şəhidlərimizin ruhu şaddır, onların intiqamı artıq alındı. Bütün dünyaya göstərildi ki, Azərbaycan nəinki müstəqil, qüdrətli, iqtisadi cəhətdən güclü dövlətdir, eyni zamanda Azərbaycanın rəşadətli ordusu var, müzəffər xalqı var.

- Sahəsinə görə, ən böyük rayonlarımızdan biri də Ağdamdır.

- Mən özüm Ağdamda dünyaya gəlmişəm. O torpaqların gözəlliyinə, hər daşına bələdəm. 1150 kvadrat km ərazi var. Bu gün Ağdamın 204 min əhalisi var. Onların təxminən 95 minə yaxın hissəsi işğal edilməmiş ərazilərdə məskunlaşıblar. Sonradan onların bir qismi Ağdamda tikilən 18 müasir qəsəbələrə köçürüldülər. Tezliklə bütün ağdamlılar da dogma torpaqlarımızın kəndlərində, şəhərində yaşamağa başlayacaqlar.

Tezliklə işğaldan azad olunan torpaqlarımıza həyat qayıdacaq. Yeni binalar inşa olunacaq, infrastruktur bərpa olunacaq. Bizə  bu gözəl qələbəni yaşatdığı üçün Ali Baş Komandana, onun müzəffər ordusuna minnətdarlığımızı bildiririk. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan, azad, müstəqil və inkişaf edən ölkədir, eləcə də regionun ən güclü dövlətidir.

- İllər sonra Ağdama yenidən qayıdırsız. 27 illik həsrət bitir…

- Bəli, həsrət bitir. Ağdamla yanaşı, Şuşanın, Kəlbəcərin də hər qarışına bələdəm. Bilirsiz, illər sonra yenidən o torpaqlara qayıdırıq, bu çox qürurverici hissdir. Mənim uşaqlığım, gəncliyim o torpaqlarda keçib. Təhsilimi Ağdam rayon 2 saylı orta məktəbdə almışam. Məktəb illərim burada keçib. İllərdir ki, mən xəyal olaraq o günləri təkrar-təkrar yada salırdım. Gənclik illərində biz bu torpaqları - Şuşanı, Kəlbəcəri qarış-qarış gəzirdik. Mən Ağdamın heç bir küncünü digərindən ayıra bilmərəm. Ağdamın işğaldan azad olması mənim üçün çox böyük nemətdir. Öz doğulduğun torpağa qayıtmaq, orada yaşamaq böyük xoşbəxtlikdir.

O torpaqlarda həlak olan insanların qanı yerdə qalmadı. O torpaqlarda əzizlərimizin ruhu narahat idi.Həmin o babalarımızın-nənələrimizin ruhu şaddır. Bu hisslər ifadə olunmazdır. Ağdam, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı Zəngilan, Cəbrayıl yenidən müasir tipli şəhər olacaq. Bir-birindən gözəl tarixi Azərbaycan torpaqlarına turistlər gələcək, görəcək. Onlar bizim cənnət məkan ərazilərimiz, mədəniyyətimizi, abidələrimizi görüb bir daha dünya ictimaiyyətinə çatdıracaqlar.

Könül Cəfərli