Maaşlar nə vaxt artırılacaq? – Deputat anons verdi
Gələn ilin dövlət büdcəsində çox ciddi layihələr nəzərdə tutulub.
Bu sözləri Axar.az-a 2018-ci il dövlət büdcəsinin təsdiq olunması ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin normal olduğunu bildirib:
“Gələn ilin dövlət büdcəsində çox ciddi layihələr nəzərdə tutulub. 2018-ci ilin dövlət büdcəsində artım ötən ilə nisbətən çoxdur. Gəlir və xərc hissəsində təxminən 4 milyard manata yaxın artım var. Gələn ilin dövlət büdcəsində əmək haqları və pensiyaların artırılması nəzərdə tutulub. Bu, prezidentin səlahiyyətindədir və lazım gəldikdə bu məsələyə baxılacaq. Yaşayış minimumu artırılaraq 130 manat təsdiq olunub. Yəni 2018-ci ilin dövlət büdcəsində müəyyən müsbət məqamlar var. Büdcənin icrasında neftin qiymətini 45 dollar götürmüşük, ancaq neftin qiyməti yüksədir. Ona görə də gələn ilin dövlət büdcəsinin icrasında ciddi problemlər olmayacaq. 2018-ci ildə əsas diqqət qeyri-neft sektorunun inkişafına yönələcək ki, bunun üçün də dövlət büdcəsində 5 milyard manata yaxın əsaslı vəsait qoyuluşu nəzərdə tutulub. Bu, çox böyük vəsaitdir və real sektorun inkişafına təkan verəcək amillərdən biridir”.
Qeyd edək ki, Prezident İlham Əliyev “2018-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib.