Tural Gəncəliyev: “Ermənistan rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır”



 

“İşğalçı Ermənistan əvvəllər qəbul etdiyi “Madrid prinsipləri”ndən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin dili ilə imtina etdiyini bəyan etməkdədir. Ermənistan bu addımları ilə sülh prosesini pozmaqda davam edir və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev deyib.

“Bir daha aydın olur ki, Ermənistanın məqsədi Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir. Son günlər xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş şoular, qondarma qurumun “rəhbər”inin açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır. Biz beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həm-sədrlərini Ermənistanın cəzasızlıqdan həvəslənərək atdığı belə təxribatçı addımlara qarşı sərt mövqe nümayiş etdirməyə çağırırıq”, - deyə T.Gəncəliyev bildirib.