Tomas de Vaal: ““Madrid prinsipləri”nin varlığını inkar etmək sadəcə mənasızdır” - MÜSAHİBƏ



 

Rusiya xarici işlər naziri Sergey Lavrovun təklifi ilə Qarabağ münaqişəsinin mərhələli plan əsasında həllini nəzərdə tutan “Madrid prinsipləri” məsələsi ekspert cəmiyyətində yenidən fəal müzakirə obyektinə çevrilib və Ermənistanın ritorikasını daha da sərtləşdirib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı “Madrid prinsipləri”nə əsaslanan, tərəflərin gələcək işi üçün əsas olaraq təsdiqlənmiş sənədlərin yenilənmiş versiyalarının olduğunu və bu sənədlərin ATƏT katibliyinə təhvil verildiyini deyib.

Ermənistan Xarici İşlər Nazirliyi, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın etdiyi kimi, hər hansı bir planın mövcudluğunu inkar etməyə qərar verdi. Masis Mayilyanın təmsil etdiyi separatçı rejimin nümayəndələri də köməyə gəldilər. “Azadlıq” Radiosunun erməni xidmətinə verdiyi müsahibəsində o, Qarabağ nizamlanmasına dair danışıqlar masasında heç bir sənəd və ya təklif olmadığını bildirdi. “Bu, masada  hətta “Madrid prinsiplərinin” olmadığı mənasını verir”, - deyə Masis Mayilyan vurğuladı. Üstəlik həll prosesi üçün yeni təkliflər və yeni yanaşmalara ehtiyac olduğunu qeyd etdi, hansı ki, Rusiya Xarici İşlər Nazirliyi rəhbəri açıq şəkildə buna qarşı çıxdı.

Amerikanın “Karnegi Avropa Fondu” analitik mərkəzinin baş elmi əməkdaşı ingilis politoloq Tomas de Vaal Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycanda “Madrid prinsipləri”nin vacibliyi müzakirə edilir: “Ancaq heç kimə sirr deyil hələ Robert Koçaryanın (Ermənistanın ikinci prezidenti - red.) dövründən erməni tərəfi Qarabağ münaqişəsinin həlli üçün mərhələli plandan imtina etmək istəyirdi. Ermənistan tərəfindən uzun illərdir ki, bu tendensiya müşahidə olunur ”.

Tomas de Vaalın sözlərinə görə, “Madrid prinsipləri” əsasında plan illərdir mövcud olan yeganə sənəddir: “Bildiyim qədər, həqiqətən də Vyanadakı ATƏT Katibliyinin seyfindədir. Bu, prinsipcə, sirr deyil. Yeri gəlmişkən, bir neçə il əvvəl bu sənədin sızması baş verdi və müddəaları (işğal altındakı Azərbaycan bölgələrinin tədricən geri qaytarılması və sonra Qarabağın statusunun müəyyənləşdirilməsi - red.) Ermənistan KİV-ləri tərəfindən yayımlandı. Başqa bir məsələ - mövcud planın mahiyyətinə münasibətdir. Aydın məsələdir ki, həm Azərbaycanın, həm də Ermənistanın sənədlə bağlı öz mülahizələri və iddiaları var. Ancaq “Madrid prinsipləri”nin varlığını inkar etmək sadəcə mənasızdır”.

- Ermənistan tərəfinin ritorikasında da dəyişiklik var. Ermənistan Baş nazirinin arvadı Anna Akopyan bir müddət əvvəl “Qadınlar Sülh Naminə” kampaniyasını başlatdı. Ötən gün bu kampaniya çərçivəsində Anna Akopyan və bir qrup qadın Azərbaycanın işğal altındakı ərazilərində bir həftəlik döyüş və atəş hazırlığı kursu keçdilər. Sizin fikrinizcə bu nə demək idi?

- Həqiqətən nümayişkaranə idi. Görünür bu, iyul kəskinləşməsinin (Azərbaycan və Ermənistan sərhədində - red.) nəticəsidir. Xatırlayaq ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Azərbaycan arasında (əvvəlki hökumətin dövrünə nisbətən - red.) daha az soyuq münasibətlər var idi. Ritorika daha sivil idi. Cəbhə xəttində hadisələr baş verərsə, qaynar xətt, təmaslar barədə razılığa gəlinmişdi.

Təəssüf ki, Baş nazirin həyat yoldaşının Qarabağda əlində avtomat tutan son görüntüləri “Qarabağ cəbhəsi”ndə yaranan sərt fonun təzahürüdür.

- Bəs yaxın gələcəkdə, xüsusən son hadisələr fonunda Qarabağ münaqişəsinin həlli prosesinin ölü nöqtədən yerinddən tərpənməsi mümkün olacaqmı?

- Təəssüf ki, yaxşı perspektiv görmürəm. Məsələn, Qarabağın statusu ilə bağlı fundamental məsələlər qalır. Tərəflər bir-birlərinə dərin etimadsızlıq bəsləyirlər. Eyni zamanda beynəlxalq ictimaiyyət indi Qarabağ münaqişəsinə o qədər də əhəmiyyət vermir. Bəlkə də ABŞ-dakı prezident seçkilərindən və Donald Trampın mümkün gedişindən sonra Amerika postsovet məkanında daha aktivləşəcək. Ancaq bunun həm müsbət, həm də mənfi cəhətlər var.