İnsan xəyal etməyəndə ölür. Bəhram Bağırzadə ilə ad günündə MÜSAHİBƏ
Əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu komandasının üzvü, aktyor, publisist, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə bu gün 48 yaşını qeyd edir. Bu il onun üçün asan olmadı. Koronavirusdan xilas olan B.Bağırzadə dünyaya tamamilə fərqli gözlərlə baxır.
Media.Az-a verdiyi müsahibədə o, xəstəlikdən sonra reabilitasiya prosesinin necə getdiyini, bu ad gününün başqalarından nə ilə fərqləndiyini və başqa məsələlərdən danışdı.
- Bu il, deyə bilərəm ki, eyni anda iki ad günü qeyd edirsiniz. İndi özünüzü necə hiss edirsiniz?
- Bəli, doğrudur. Bundan sonra mənim iki ad günüm var. 4 sentyabr və 20 günlük komadan ayıldığım 2 iyul tarixləri. 46 gün, daha doğrusu yayın yarısını reanimasiyada keçirtdikdən sonra qəlbimdə Alla Puqaçovanın “Yay bitməsin” mahnısı səslənir. Ancaq təəssüf ki, payız artıq astanadadır və bu il praktiki olaraq dincəlmədim. Özümü qənaətbəxş hiss edirəm, çox yaxşı olduğumu deyə bilmərəm, reabilitasiya dövrü davam edir. 20 kq əzələ kütləsi itirdim. Fizioterapiyaya gedirəm, gimnastika edirəm, gücümü bərpa edirəm.
O dəhşətli gecədə mənə kömək əlini uzadan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istəyirəm. O olmasaydı, yəqin ki, indi mən sizinlə söhbət eləməzdim. Mehriban Əliyevaya, Azərbaycan Prezidenti İlham Əliyevə və bütün ailəsinə cansağlığı arzulayıram.
Məni o ağır vəziyyətdən çıxaran Mərkəzi Gömrük Xəstəxanasının həkimlərinin və bütün kollektivinin səylərini vurğulamaya bilmərəm. Mənim üçün dua edən, Uca Allahdan can sağlığı diləyən hər kəsə təşəkkür edirəm. Əlbətdə ki, anam, bacım, arvadım, dostlarım, sinif yoldaşlarıma da həmişə yanımda olduqları üçün minnətdaram. Sosial şəbəkələrdəki izləyicilərimdən nə qədər xoş sözlər və dualar səsləndi... Bunun üçün də onlara çox minnətdaram.
- Bildiyim qədər hər il ad günündə yaradıcılıq işlərinin yekunlarını hazırlayırsınız... Düşünürəm ki, bu dəfə daha çox yaradıcılıq planları prioritetdir...
- Xəstəxanadan çıxarkən bir daha başa düşdüm ki, Allahı güldürmək istəyirsinizsə, ona planlarınız barədə danışın. Təəssüf ki, yaşadıqlarımdan sonra heç bir planım yoxdur. Mənim yalnız xəyallarım var. İnsan xəyal qurmağı dayandıranda ölür. Buna görə daim nə isə xəyal edirəm.
Yeri gəlmişkən, yekunları ildə iki dəfə aparıram. Ramazanın son 10 günündə həyatımı düşünürəm və hərəkətlərimi qiymətləndirirəm. Ad günümdə isə yaradıcı işlərimin yekunlarını aparıram. Qürurla deyə bilərəm ki, bu il 20 kitab işıq üzü görüb, arzum bu sayı yüzə çatdırmaqdır. Artıq 40 kitabım çap olunub, hələ bir azı qalıb.
Demək olar ki, bütün kitablarım uşaqlar üçün yazılıb, çünki ölkədə bu “taxça” boşdur. Təqribən bir neçə gün öncə “Şəki”, “Şamaxı”, “Gəncə”, “Qəbələ” kitabları çap olundu. Növbədə “Balaxanı”, “Moskva”, “Tbilisi” və “London” durur və bu istiqamətdə çalışmağa davam edirəm.
- Məlum səbəblərdən “BaxIram” da daxil olmaqla bəzi layihələriniz müvəqqəti dayandırılıb? İzləyiciləriniz üçün nə vəd edirsiz?
- Çəkilişlərdən bir az yorulmuşam, buna görə heç kimdən inciməmələrini xahiş edirəm. Önümüzdəki altı ayda efirə çıxmaq istəmirəm.
- İzləyicilərinizlə tez-tez onlayn ünsiyyət qurursunuz, oyunlar keçirirsiniz... Gələcəkdə buna qayıtmağı düşünürsünüzmü?
- Belə bir ideya var – “YouTube” kanalında “İki nəfər şəhərdə” adlı müəllif şousu açmaq. Qonağım və mən “Şəhərdə iki nəfər” filmindəki Vaqif Mustafazadənin, Rafik Babayevin musiqi sədaları altında şəhərdə gəzib paytaxtımızla bağlı müxtəlif mövzularda müzakirələr aparacağıq.
Bu proqram, bir neçə gün öncə ikinci cildi çapdan çıxan “Mənim gəncliyimin şəhəri” kitabımla uzlaşır. Bu kitabın qəhrəmanlarını dəvət edib ötən əsrin 50-ci, 60-cı, 70-ci illərdə Bakını xatırlayacam...
- Bu layihə nə vaxt başlayacaq?
- Düşünürəm ki, tam özümə gələndə və çəkilişlərə hazır olanda.
- Doğum gününüzü qeyd etmirsiniz, amma düşünürəm ki, bayram şamını üfürəcəksiniz. Nə arzulayacaqsınız?
- Son 12 ildə ad günümü qeyd etmirəm. Məni saat 00:00-da ilk olaraq anam təbrik edir, sonra həyat yoldaşım, övladlarım və bacım. Əlbətdə ki, dostlardan, tanışlardan və izləyicilərimdən də təbriklər gəlir, bu çox xoşdur. Düşünürəm ki, uşaqlar tort gətirəcəklər, şamı üfürəcəm, özüm və xalqım üçün dua edəcəyəm.
P.S. Oxu.Az kollektivi Bəhram Bağırzadəni ad günü münasibətilə təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayır!