Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.
Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib.
Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı.
Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi.