Millət vəkili: “Boccia İdman Federasiyasının üzvləri bir çox gənclər üçün örnəkdir” - FOTO
Xəbər verdiyimiz kimi, 10 avqustdan etibarən Boccia İdman Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Zaqatala İdman Kompleksində təlim-məşq toplantısı keçirir.
Avqustun 11-i Şəki rayonu üzrə Milli Məclisin deputatı Vüqar İskəndərov Zaqatala İdman Kompleksində təlim-məşq toplantısı keçirən Boccia İdman Federasiyasının üzvləri ilə görüşüb. Parlament üzvü olaraq ilk dəfə milli komandanın üzvləri ilə görüşən millət vəkili idmançıların məşq prosesini izləyib, hətta onlara qoşularaq məşq prosesində iştirak edib. Milli komandanın üzvləri və fəaliyyəti ilə yaxından tanış olduqdan sonra boccia idmançılarının fiziki sağlam insanlar üçün əsl nümunə olduğunu qeyd edib:
“Bildiyiniz kimi, cəmiyyətdə bir qrup gənclər var ki, tamamilə sağlam olduqları halda nəinki idmanla məşğul olmur, hətta sağlam həyat tərzi keçirmir və zərərli vərdişlərə meyl edirlər. Məhz belə “sağlam” gənclərimizə bizim fiziki məhdudiyyətləri olmasına rəğmən idmanla məşğul olan və müxtəlif ölkələrdə bayrağımızı ucaldan, ölkəmizin idman şərəfini qoruyan bocciaçılarımız əsl nümunədir. Mən cəmiyyətimiz üçün örnək olan bu gənclərlə birlikdə olduğum üçün çox şadam və arzu edirəm ki, Boccia İdman Federasiyasının gələcək fəailiyyətində də əməkdaşlığımız davamlı olar”.
Federasiyanın idmançıları ilə səmimi söhbət edən V.İskəndərov digər fiziki məhdudiyyətli şəxslərin valideynlərinə səslənib və övladlarının sosiallaşması, özünə inam hissinin aşılanması üçün Boccia İdman Federasiyasına qatılmanın önəmini qeyd edib:
“Təəssüf ki, bu gün bir çox fiziki məhdudiyyətli gənclərimiz cəmiyyətdən təcrid olunub, çünki onların valideynləri düşünür ki, övladlarının sağlam insanlardan uzaq qalması daha yaxşıdır. Amma mən istər serebral iflic, istər yerimə məhdudiyyəti olan şəxslərin valideynlərinə səslənirəm ki, onlar da öz övladlarını Boccia İdman Federasiyasına üzv etsinlər və onların da övladları buradakı digər gənclər kimi cəmiyyətin bir fərdinə çevrilsin, sosiallaşsın.
Məsələn, burada söhbət əsnasında fiziki məhdudiyyətli şəxslərin fiziki cəhətdən sağlam insanlarla ailə qurduğunu öyrəndim. Buna həqiqətən çox sevindim, çünki bu fakt bir daha göstərir ki, biz hər birimiz insani hisslərə sahibik, fiziki məhdudiyyətlər isə bu duyğulara mane deyil və sağlam insanlarla fiziki məhdudiyyətli şəxslərin bir arada çalışması və artıq bir ailəyə çevrilməsi Boccia İdman Federasiyasının uğurudur.
Mən son olaraq bir daha qeyd etmək istərdim ki, bu gün burada tanış olduğum gənclərin, idmançıların bugünkü fəaliyyəti, həyat sevgisi və idmana olan bağlılığı bəzi fiziki sağlam, amma passiv gənclərimizə örnəkdir. Ümid edirəm ki, bu gün Boccia İdman Federasiyasının fəaliyyətində kənarda qalan fiziki məhdudiyyətli gənclərimiz də tezliklə federasiyaya müraciət edəcək və bu örnək gənclərimizin sırasına qoşulacaqlar”.
Qeyd edək ki, Vüqar İskəndərov idmançıların təlim-məşq toplantısı zamanı sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət etməsini də yüksək qiymətləndirib.