Livan uğrunda “son döyüş” - TƏHLİL
Beyrut limanında baş verən partlayış, gözlənildiyi kimi, Livanda siyasi gərginliyin yüksəlməsinə səbəb olub. Ötən həftəsonu Beyrutda baş verən etiraz aksiyaları polislə toqquşmalara çevrilib.
Bəzi nazirliklərin binalarına daxil olan etirazçıların parlament binasına yürüşünə polis müdaxiləsi nəticəsində bir polis əməkdaşı ölüb, 70-i polis olmaqla, 238 nəfər xəsarət alıb. Polis 20 nəfəri saxlayıb. Ancaq etirazların davam edəcəyi gözlənilir.
Avqustun 4-də Beyrut limanında 12 nömrəli anbarda baş verən partlayış nəticəsində, son məlumata görə, 158 nəfər ölüb, altı mindən çox insan xəsarət alıb. Partlayışdan dərhal sonra ortaya çıxıb ki, hadisəyə səbəb altı ildən çoxdur limanda saxlanılan 2750 ton amonium-nitrat olub.
Bundan başqa, hadisənin sırf texniki qəza nəticəsində baş verdiyi açıqlansa da, müstəqil ekspertlər kənardan müdaxilə olmadığı təqdirdə amonium-nitratın bu miqyasda partlayışa səbəb ola bilməyəcəyini deməsi hadisə ətrafında şübhə və narazılıqları dərinləşdirib.
Livanda davam edən sosial-iqtisadi böhran və son partlayış əhalinin onsuz da artan narazılığını daha da alovlandırıb. Xalq illərdir dəyişməyən vəziyyətin təsiri altında yığılan qəzəbi hökumətə qarşı yönəldir.
Xalq haqlı olaraq yaranmış vəziyyətdən narazı və narahatdır. Ancaq yaranmış problemlə bağlı birmənalı həll yolu və ya resept yoxdur. Üstəlik, kiçik Livanda ənənəvi olaraq həddən çox daxili və xarici oyunçunun iştirakı vəziyyəti daha da mürəkkəbləşdirir.
Avqustun 10-da əvvəlcə Livan hökumətinin üç naziri (Ədliyyə, İnformasiya və Ətraf Mühit nazirləri) və altı deputat istefa verərək, bir mənada xalq qəzəbinin hədəfi olmaq istəmədiklərini ortaya qoyublar. Ardınca isə hökumət kabinetinin toplantısında bütün nazirlərin istefa çağırışından sonra Baş nazir Hasan Diyab hökuməti buraxdığını açıqlayıb. Lakin prezident Mişen Aunun çağırışı ilə yeni hökumət qurulana qədər Diyab hökuməti fəaliyyətini davam etdirəcək. Bu, həm də yeni seçkilər üçün hazırlıq da sayıla bilər, amma bu kömək edəcəkmi? Çünki bir sıra siyasilər Livanda yeni seçkilər keçirilməsi üçün çağırış edib.
Yeri gəlmişkən, partlayışın zərərlərini aradan qaldırmaq üçün artıq Livana beynəlxalq yardım kampaniyası başlayıb. Parisdə aparılan yardım kampaniyası çərçivəsində 252,7 milyon avro pul toplanıb. Avropa İttifaqı 63 milyon avro, Fransa 30 milyon, Almaniya 20 milyon avro, Böyük Britaniya isə 20 milyon funt-sterlinq yardım edib.
Konfransa qatılan dünya ölkələri liderlərinin əsas şərti isə “bu yardımın BMT-nin liderliyində koordinasiya edilməsi və birbaşa Livan xalqına yüksək rasionallıq və şəffalıqla çatdırılmalı olduğunu” qeyd edib.
Livan uğrunda mübarizənin şiddətlənməsi və gərginliyin arxasında məhz bu cümlə yatır. Dünya ölkələri Livanı yardımsız qoymaq istəmir, çünki bu halda Livanda nüfuzlarını itirə bilərlər. Lakin eyni zamanda, ayrılan yardımın indiki hökumətin nəzarətində olmasını istəmirlər. Çünki indiki Livan hökuməti Avropanın arzulamadığı Hizbullah blokunun nəzarətindədir.
Bu səbəbdən də indi Livanda ehtiraslar qızışmaqdadır. Çünki söhbət həm də ölkəyə nəzarət üzərində mübarizədən gedir. Livan ərazisinə görə kiçik ölkə (10 min kv.km ərazisi və 62 milyon əhali) olsa da, yerləşdiyi coğrafi mövqeyinə görə Yaxın Şərqin vacib ölkələrindən biridir. Bunu şərtləndirən bir sıra amillər var.
Birincisi, Livan Aralıq dənizi sahillərində yerləşir, İsrail və Suriya kimi ölkələrlə quru sərhədlərinə malikdir. Ölkədə 50 ildən çoxdur böyük sayda fələstinli qaçqın yaşayır. Sənət, mədəniyyət sahəsində mühüm məsafə qət eləmiş ölkədir.
Beyrut bu gün də ərəb dünyasında çap-nəşriyyat sahəsində ilk yerdə dayanan ölkələrdən biridir. 1975-ci ildə Livanda fələstinli qaçqınlarla xristian falanqçılar arasında başlayan silahlı qarşıdurma sonradan 16 fərqli etnik və dini-məzhəbi qrupun qarışdığı ağır vətəndaş müharibəsinə çevrildi. Daha sonra İsrail Livana hücum etdi, ardınca ABŞ, Fransa kimi ölkələr və Suriya Livana qoşun yeritdi, nəticədə, Livan planetin ən qarışıq və təhlükəli ölkəsinə çevrildi.
Ölkədəki bu qarışıqlıqdan fələstin, erməni, kürd və digər silahlı terror qrupları yarandı. ABŞ, SSRİ və dünyanın, regionun az qala bütün iddialı ölkələrinin kəşfiyyatının qarışdığı gizli sui-qəsd müharibələri baş verdi.
İlk dəfə SSRİ-nin Livan səfirliyinin əməkdaşları (dörd nəfər) qaçırıldı və onlardan ikisi öldürüldü. Belə bir qarışıq ölkədə 1979-cu il İran İslam İnqilabından sonra 1982-ci ildə İsrailin Livana hücumu zamanı yeni silahlı qruplaşma – Hizbullah yarandı və daha bir iddialı region ölkəsi – İran Livana yerləşdi. Bu dövrdən sonra Livan həm də İsrailə qarşı ərəb-müsəlman cihad qruplarının əsas düşərgələrindən birinə çevrildi.
1983-cü ildə Beyrutda əvvəlcə ABŞ hərbi dəniz piyadalarının kazarması və səkkiz dəqiqə sonra isə Fransa ordusunun hərbi bazası Hizbullah tərəfindən partladılır. Nəticədə, ABŞ bazasında 241 nəfər, Fransa bazasında isə 58 nəfər ölür, onlarla insan yaralanır.
Bu hadisədən bir qədər sonra Hizbullah ABŞ tərəfindən terror təşkilatı siyahısına salınır və Livanda hərbi-siyasi rəqabət daha da kəskinləşir.
Sonrakı illərdə Hizbullah daha da güclənir. 1989-cu il Taif razılaşmasına əsasən, Livanda ordudan başqa bütün hərbi-siyasi qruplar silahı yerə qoydu. Yalnız Hizbullah silah saxlamaq hüququnu qorudu.
2000-ci ildə isə Hizbullah İsrailin ordusunu Cənubi Livandan çıxarmasına nail olmaqla Livanda daha da gücləndi. 2005-ci ildə Səudiyyə Ərəbistanının dəstəklədiyi Baş nazir Rəfiq Həririnin sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra başlayan beynəlxalq təzyiq nəticəsində Suriya Livandan ordusunu çəksə də, bu ölkə uğrunda rəqabət daha da güclənir.
2006-cı ildə İsrail iki hərbçisinin sərhəddə oğurlanmasına cavab olaraq Livana ordu yeritsə də, Hizbullahın sərt müqaviməti ilə qarşılaşır və Beyruta qədər irəliləyə bilmir.
Bu hadisə Livanda Hizbullah və onun xarici dəstəkçisi İran və Suriyanın ciddi qalibiyyəti olur və Hizbullah həm də Livanda aktiv siyasi qüvvəyə çevrilir, parlamentdə və hökumətdə təmsil olunmağa başlayır.
2011-ci ildə başlayan Suriya müharibəsinə 2013-cü ildə Quseyr şəhərinə hücumla daxil olan Hizbullah müharibənin gedişini Bəşər Əsədin xeyrinə dəyişməklə yalnız İsrail-Fələstin məsələsi deyil, regional hərbi-siyasi münaqişələrdə ciddi qüvvəyə çevrildi.
2017-ci ildə Səudiyyə Ərəbistanına səfər edən Livanın Baş naziri Səəd Həriri gözlənilmədən Ər-Riyadda saxlanılır. Həmin vaxt rəsmi izahat olmasa da, bildirilir ki, baş nazir Livanda növbəti hökumtə böhranı yaradılması səbəbi ilə saxlanılıb.
Səəd Həriri yalnız Fransa Prezidenti Emmanuel Makronun ər-Riyada səfərindən sonra ailəsi ilə birlikdə Fransa prezidenti ilə birlikdə əvvəl Parisə, daha sonra isə Beyruta qayıdır. Məsələ ondadır ki, Səəd Həririnin atası keçmiş Baş nazir Rəfiq Həriri gəncliyində Səudiyyə Ərəbistanında yaşayıb və burada daşınmaz əmlak sahəsində böyük varidat əldə edib.
Bu səbəbdən də son illərdə regionda aktiv siyasi oyunçuya çevrilən Səudiyyə Ərəbistanı həririlər üzərindən Livan siyasətində təsirə malik olub.
2018-ci ildə doqquz ildən sonra Livanda növbəti parlament seçkiləri keçirilir və nəticədə, Hizbullah mövqelərini daha da möhkəmləndirir. Seçkilərdə Hizbullah-Əməl ittifaqı (Əməl 1960-cı illərdə şiə ruhanisi Seyyid Sədr tərəfindən qurulmuş sosial yardımlaşma dərnəyinin siyasi qanadıdır – K.R.) 128 yerlik parlamentdə ən çox – 29 mandat əldə edir.
Prezident Mişen Aunun Azad Vətənpərvərlər Partiyası isə 26 mandatla ikinci, Həririnin “Mustəqbəl” (Gələcək) Hərəkatı isə 19 mandatla üçüncü olur. Ümumilikdə isə 128 mandatın yarısının xristianlara, yarısının müsəlmanlara ayırdığı Livanda Hizbullahın lideri olduğu “Müqavimətə vəfa” (Köhnə adı “8 mart” bloku) bloku 67 mandat almaqla parlament çoxluğunu götürüb.
Yeri gəlmişkən, son seçkilərdə Livanda fəaliyyət göstərən üç erməni partiyası arasından Daşnaksütyun Partiyasından üç nəfər Hakob Baqratuni, Hakob Dərziyan ve Aleksandr Matosyan deputat seçilib.
Bu səbəbdən də həm 2019-cu ilin əvvəlində qurulan Səəd Həririnin baş nazir olduğu birinci hökumətdə, həm də bu ilin fevralında Həsən Diyabın başçılığı ilə qurulan ikinci kabinetdə Hizbullah və tərəfdarları əsas söz sahibi olub.
Ancaq Hizbullahın bu şəkildə güclənməsi yalnız Suriyada özünü göstərmir. Eyni zamanda, Livanda və ən əsası, Fələstin münaqişəsində İsrail üçün ciddi başağrısına çevrilib. Fələstində Həmas və İslami Cihad kimi qruplar məhz Hizbullah vasitəsilə İran tərəfindən dəstəklənir.
Bir neçə il əvvəl Hizbullah lideri bildirib ki, onların əlində 145 min ədəd raket var və bunların bir qismi “İsrailin istənilən nöqtəsini vurmaq imkanına sahibdir”. Ötən ayın sonunda Hizbullahın İsrailin nəzarətindəki Qolan təpələri rayonunda beş İsrail hərbçisini öldürməsi Hizbullahın son illərdə artan gücü və təcrübəsinə işarə idi.
Livan həm də İranın İsraillə qarşı-qarşıya olduğu “cəbhə xətti”dir. Bu səbəbdən də İranın Yaxın Şərqdəki gücünü zəiflətmək üçün Livan və İraqdakı təsir rıçaqlarını zəiflətmək lazımdır. Bu səbəbdən də Tramp administrasiyası son aylarda əsas diqqəti məhz İraq və Livan üzərinə cəmləyib. Son aylarda Livana iqtisadi embarqoların sayı artıb. Vaşinqton Livan ordusuna hərbi yardımı dayandırıb.
İyun ayında isə Livana bəzi sahələrdə sanksiyalar tətbiq olunub. Nəticədə, Livan milli valyutası dəyərdən düşüb. Ölkədə son illərdə pisləşən iqtisadi vəziyyət daha da ağırlaşıb. Beyrut partlayışı isə bütün bu yığılmış problemləri ortaya çıxardı.
Hazırda Livanda önə çıxan Fransadır. Paris keçmiş müstəmləkəsindəki siyasi, mədəni nüfuzundan istifadə etməklə Livanda təsirini gücləndirmək, İran və Hizbullahı zəiflətməyə çalışır.
Ancaq aydın məsələdir ki, bu, yalnız Fransanın bacaracağı iş deyil. Hələ üzdə olmasa da, Livanın əsas aktyorları olan ABŞ və Səudiyyə Ərəbistanı yaxın günlərdə, yəqin ki, kartlarını açıq oynamağa başlayacaq.
Təbii ki, Körfəz ölkələri, başda Səudiyyə Ərəbistanı olmaqla, Livanın yenidən bərpa olunmasına böyük miqdarda vəsait ayırmağa hazırdır. Ancaq bunun üçün əsas şərt Hizbullahın nəzarət etdiyi hökumətin olmamasıdır.
Onlar da bilirlər ki, Hizbullahı bu tezliklə tərk-silah etmək mümkün deyil. Amma bunun ilk addımı kimi erkən seçkilərin keçirilməsi və növbəti hərbi-siyasi qarşıdurmanın baş verməsi Livanda siyasi balansın dəyişməsi üçün fürsət ola bilər.
Beyrut partlayışından dərhal sonra Hizbullahın Livandakı əsas düşmənlərindən biri olan Qabaqcıl Sosialist Partiyasının sədri Vəlid Cumbulatın erkən seçkilərin keçirilməsi tələbi ilə çıxış etməsi, daha sonra ortaya çıxan Makronun Hizbullah təklifləri bu planın varlığını sübut edir.
Mümkün ssenari budur ki, Livanda artan gərginlik və qarşıdurmaların nəticəsində ölkəyə beynəlxalq sülhyaratma qüvvələrinin yerləşdirilməsi, o cümlədən ABŞ və Fransanın Livana ordu göndərməsi, paralel olaraq Hizbullahın Beyrut və İsraillə sərhəd məntəqələrdən çıxarılması, sonrakı mərhələdə isə Livana maliyyə yardımlarının artırılması, bununla da Hizbullahın siyasi gücünü zəiflətmək. Siyasi mövqelərini itirdikdən sonra isə Hizbullahın terror təşkilatı kimi fiziki məhv edilməsi planı gündəmə gələ bilər.
Görünən odur ki, Hizbullah rəhbərliyi də bu planı hiss edir və buna görə də iki gün əvvəl televiziya ilə xalqa müraciət edən Hizbullah lideri Seyid Həsən Nəsrullah təmkinli mövqe nümayiş etdirərək, beynəlxalq araşdırmalara qarşı olmadığını, birlik və bərabərlik zamanı olmasına vurğu etdi. Və Makronun Beyruta səfərini təqdir etdi.
Hizbullah rəhbərliyi də anlayır ki, indi partlayışın vurduğu zərər, istisadi və sosial çöküşün ağırlığı altında qalan livanlıların yüksələn qəzəbi qarşısında dayanmaq ağılsızlıq olar. Ona görə də müəyyən mənada geri çəkilərək meydanı Qərb ölkələrinə verib.
Həm də ona görə ki, indi əvvəlki kimi maliyyə imkanları yoxdur və üstəlik İranın yardımına ümid etmək olmaz. Çünki Tehranın özünün vəziyyəti yaxşı deyil. Bu səbəbdən də nisbətən geri çəkilib Qərb ölkələrini və onların yerli müttəfiqlərinin fəallığına göz yummalı olur. Təbii ki, bu müvəqqəti və aldadıcı çəkilmədir.
Tezliklə Qərb ölkələri onların yerli müttəfiqləri Livana lazımı dəstəyi göstərə bilməsə, o zaman başlayan proses iflas olacaq və Hizbullah mövqelərini daha da möhkəmləndirəcək. Çünki istənilən halda Hizbullahın sabit elektoratı var və indiki şərtlərdə onu sıradan çıxarmaq asan olmayacaq.
Başqa sözlə, indi hər şey əks cəbhənin nə qədər mütəşəkkil və qərarlı hərəkət etməsindən asılı olacaq. Bunu isə yaxın zamanlarda daha aydın görə biləcəyik.
Kənan Rövşənoğlu