Qaxda iki maşın toqquşdu: Biri aşıb yandı - VİDEO



 

Gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonunun Ləkit kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, Zaqatala rayonunun 22 yaşlı sakini Zahid Əliyevin idarə etdiyi minik avtomobili ilə Şəki rayonunun 27 yaşlı sakini Orxan Qasımzadənin sükanı arxasında olduğu yük maşını toqquşub.

Qəzadan sonra ağaca və yol nişanına çırpılan minik avtomobili aşaraq yanmağa başlayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Qəza zamanı minik avtomobilinin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yüngül olduğu üçün o, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 

Yük avtomobilinin sürücüsünün sözlərinə görə, o, Şəkidən Zaqatala rayonuna içərisində arı ailələri olan yeşiklər aparırmış. 

Faktla bağlı araşdırma aparılır.