Prezidentin köməkçisi: “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib” - MÜSAHİBƏ



 

 

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

- Prezident İlham Əliyev Balakən regional “ASAN Xidmət” mərkəzinin açılışında bildirdi ki, quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. İndiki şərtlər daxilində Ermənistan və Azərbaycan arasında danışıqların dayandırılması mümkündürmü?

- Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinə sadiqdir.

Biz hesab edirik ki, bu fəaliyyət Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən sənədlər, xüsusilə də ATƏT-in Budapeşt sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirilməlidir.

Amma Azərbaycan Respublikasının qaldırdığı məsələ ondan ibarətdir ki, danışıqlar prosesi nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi təmin olunmalıdır.

Yəni bu mandat əsasında qoyulmuş məqsədlər həyata keçirilməyib. Burada da əsas məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinin nəticəsi olaraq Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilməlidir.

Görünən odur ki, Ermənistan danışıqlar prosesinə riyakarlıqla yanaşır. Ermənistan atəşkəs rejimi adı altında danışıqlar prosesinin yubatmağa, hətta uzatmağa çalışır. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu gücləndirməkdir.

Ona görə də Azərbaycanın gözləntisi Minsk Qrupu həmsədrlərinin öz üzərinə düşən mandat əsasında ciddi, konkret gündəlik, həmçinin, 90-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış təcili və təxirəsalınmaz addımlar haqqında proqramda nəzərdə tutulan konkret vaxt ərzində Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu plan nəyə görə həyata keçirilmir?!

Bu gün biz Ermənistanın ritorikasına baxsaq, görərik ki, onlar yenə də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Onlar qəsdən yenə də atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı məsələləri gündəmə gətirirlər.

Axı burada məqsəd atəşkəsin gücləndirilməsi deyil, işğal faktına, hərbi işğala son qoymaqdır. Danışıqlar prosesinin də mahiyyətində bu durmalıdır. Azərbaycan Respublikası Düşənbə görüşündən - 2018-ci ilin sentyabr ayından başlayaraq danışıqların intensiv əsasda hazırlanması üçün bütün konstruktiv addımları həyata keçirib.

Ancaq bunun müqabilində biz Ermənistanın destruktiv və provokativ addımlarını gördük. Ermənistan danışıqlar prosesinin formatını pozmağa çalışır, danışıqlar prosesinin mahiyyətini dağıdır, ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsiz yanaşır.

Ermənistanın təcavüzkar siyasətinin davamı kimi biz Tovuzda növbəti hücumu, təxribatı gördük. Bunlar baş verdiyi şəraitdə beynəlxalq ictimaiyyət, həmsədrlər tərəfindən Ermənistanın fəaliyyətinə qiymət verilməli, danışıqlar konkret əsasda aparılmalıdır.

- Bunun üçün Azərbaycan tərəfindən hansısa şərtlər irəli sürülübmü? ATƏT-in Minsk Qrupu qarşısında hansısa məsələ qaldırılıbmı?

- Azərbaycanın qarşıya qoyduğu məqamlardan biri həmsədrlərin öz mandatından irəli gələn məsələlərin həlli üçün öz fəaliyyətlərini nəzərdən keçirmələridir. Həmçinin, danışıqlar prosesində artıq müəyyən olunmuş əsasların Ermənistan tərəfindən pozulmasına və müəyyən qeyd-şərtlər irəli sürməsinə yol vermək olmaz.

Ermənistanın baş naziri Azərbaycan tərəfinə yeddi qeyd-şərt irəli sürüb. Bu, danışıqlar prosesinə çox ciddi zərbədir. Danışıqlarda Ermənistanın hər hansı şərt qoymasının əsası yoxdur.

Həmçinin, Azərbaycan o məqamla çıxış edir ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü də prosesdə aktiv iştirak etsin. Onların hamısının iştirakı ilə toplantılar, Minsk Qrupunun geniş tərkibli iclasları keçirilsin.

Ən vacib məqam odur ki, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyində olan insanları, nəhayət, öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar.