Sergey Melkov: “Şübhəsiz ki, Ermənistanla müqayisədə Azərbaycanın üstünlükləri var” - MÜSAHİBƏ



 

 

 

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-a verdiyi müsahibədə rəsmi Yerevanın bəyənməyəcəyi açıqlama ilə çıxış edib. RF Xarici İşlər Nazirliyi rəhbərinin müavininin sözlərinə görə, Rusiya o mövqedən çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən ATƏT-in Minsk Qrupu çərçivəsində daha əvvəl işlənib hazırlanan hər şey danışıqlar masasında qalmalıdır.

“Hazırkı böhran, ilk növbədə Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini yaxınlaşdırmaq üçün titanik səyləri nəticəsində əldə olunan irəliləyişin geri çevrilməsinə səbəb olmamalıdır”, - deyə, Aleksandr Qruşko bəyan edib.

Aydındır ki, irəliləyiş dedikdə Qarabağ münaqişəsinin nizamlanması üçün bundan əvvəlki hakimiyyətlə mərhələli plan barədə razılaşma nəzərdə tutulur.

Ancaq Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan Moskvanın çağırışını eşitmədi. Hökumət iclasında o, yenidən bəyan etdi ki, separatçı qurumun nümayəndələri “danışıqların tamhüquqlu tərəfinə” çevrilməlidir.

Sonra o, Azərbaycanı “güzəştə” çağırdı və dərhal qeyd etdi ki, Qarabağ “xalqının” (bir daha vurğulayırıq, söhbət yalnız erməni sakinlərdən gedir - red.) hüququnun tanınması, məhdudiyyət olmadan öz müqəddəratını təyin etməsi “heç bir halda güzəşt mövzusu ola bilməz”.

Bundan əvvəl Paşinyan dəfələrlə mərhələli həll planı ilə bağlı heç bir razılaşma barədə məlumatının olmadığını bildirmişdi. Vasitəçilərin uzunmüddətli işi ilə əldə olunan razılaşmaları yeni hökumətin ləğv etməsi dünya praktikasında nə qədər normaldır?..

Rusiya Hərbi Siyasətçilər Assosiasiyasının həmsədri Sergey Melkov Media.Az-a verdiyi müsahibədə beynəlxalq hüquq baxımından, əlbəttə ki, hakimiyyətə gələn yeni elitanın əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməli olduğunu söyləyib, bu, birmənalı olaraq belədir.

“Aydındır ki, yarımçıq qalmış münaqişələrin həmişə öz spesifikliyi olur, bu, nəzərə alınmalıdır. Məncə, hər şeydən əvvəl dövlət başçıları (bu vəziyyətdə Azərbaycan və Ermənistan - red.) öz aralarında olan mübahisəli məsələləri həll etməli və lazım gələrsə, üçüncü tərəfi də cəlb etməlidir”, - deyə, Sergey Melkov bildirib.

- Hərbi tərkibə toxunaq. Azərbaycanın səfərbərlik qabiliyyəti Ermənistana nisbətən üçqat yüksəkdir. Azərbaycanın ən yeni silahları var və bu, Ermənistanda olandan daha çoxdur. Hərbi üstünlük danışıqlar prosesində nə dərəcədə əsas amildir?

- Sizə kiçik bir az əhvalat danışacağam. Yəqin eşitmisiniz. Böyük Vətən Müharibəsi illərində İosif Vissarionoviç Stalinin köməkçilərindən biri onun yanına gəlir və Roma Papasının nümayəndəsinin onunla görüşmək istədiyini bildirir. Stalin guya həmin adamdan soruşur: “Onun neçə diviziyası var?” Vatikanın bir diviziyası belə mövcud deyildi, yəni görüşün heç bir mənası yox idi.

Buna görə də, nəticə çıxarın (gülür).

Hərbi potensial, səfərbərlik imkanları, silahların keyfiyyəti və miqdarı, əlbəttə ki, önəmli məsələdir. Ancaq müasir dünyada iki münaqişə tərəfinin bir-biri ilə təkbətək döyüşməsi mümkün deyil. Hansısa ölkələr cəlb olunacaq.

Məncə, müasir müharibə hətta kəmiyyət deyil, keyfiyyət tələb edir. Söhbət hər şeydən əvvəl informasiya qarşıdurmasından, “informasiya qoşunlarından” gedir. Kəşfiyyat və piar amili vacibdir. Həmişə də bununla başlamalısınız.

Növbəti vacib məsələ hərbi idarənin keyfiyyəti, kosmik və ya hava-kosmik qruplaşmanın olmasıdır. Quru qoşunları son nəticəni təyin etmir, baxmayaraq ki, onlarsız da mümkün deyil və onlar vacibdir...

- ...Yeri gəlmişkən, Azərbaycanın bir neçə peyki var.

- Bu, mənim fikrimcə, üstünlük verir.