ABŞ-ın yaratdığı Yeni Suriya Ordusunun hədəfi Rusiyadır



 

ABŞ öz nüfüzundan və digər məsələlərdən istifadə edərək, Rusiyanı Suriyadan uzaqlaşdırmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Suriyanın Hasekə vilayətindəki qaçqın düşərgəsində ABŞ-ın Əsəd rejiminə qarşı xüsusi qüvvələrin hazırlanması üçün baza tikməsinə münasibət bildirərkən deyib. O bildirib ki, ümumiyyətlə, son vaxtlar ərəb ölkələrində baş verən proseslər, eyni zamanda, Qüds məsələsi bir daha göstərdi ki, Ərəb baharı hələ sona çatmayıb:

“Eyni zamanda, Yaxın Şərq layihəsi də davam edir. Bu özünü qabarıq şəkildə həm Suriyada, həm də digər dövlətlərdə göstərir. ABŞ-ın Əsədə qarşı Yeni Suriya Ordusunu yaratmaqda məqsədi Əsəd rejimini ləğv etmək və bunun əvəzində özlərinə uyğun yeni bir rejimi hakimiyyətə gətirməkdir. Çünki Rusiya çox cəhd edir ki, konstitusiyanın yazılmasında, dəyişilməsində müstəsna rolu olsun. Supergüclərin maraqları toqquşduğu üçün xüsusi xidmət orqanlarının inhisarında olan qüvvələrdən hər zaman istifadə olunacaq”.

Politoloq Suriyanın Hasekə vilayətində tikilən bazanın ABŞ-ın Suriyaya qarşı işlətdiyi qüvvələr olacağını qeyd edib:

“Onun tərkibində hər cür qüvvələr ola bilər: istər İŞİD, istərsə də fəqli qüvvələr. Suriyaya qarşı belə addım atmaqda ABŞ həm sərhədlərə nəzarət etmək, həm də Suriya rejimində müəyyən dəyişiklərə nail olmaq istəyir”.

Qeyd edək ki, Suriyanın Hasekə vilayətindəki qaçqın düşərgəsində ABŞ Bəşər Əsəd rejiminə qarşı xüsusi qüvvələrin hazırlanması üçün baza tikib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bazada olan 750 nəfərdən 400-ü İŞİD üzvüdür. Amerikalı təlimçilərin rəhbərliyi ilə parçalanmış döyüşçülərdən təlim mərkəzində yeni hərbi birləşmə yaradılır. Bu birləşmənin adı isə Yeni Suriya Ordusu olacaq