Parlament rəsmisi: “Milli Məclisin inzibati binasında dağıntılar törədilib”



 

 

 

Milli Məclis dünənki hadisə ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə,  jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, dünən gecə Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib:

“Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüşü edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olublar və bir sıra dağıntılar törədiblər.

Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandan sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.

O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

“Bu, qanunsuz olaraq binaya qanunsuz daxil olma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildiririk ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarçı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

İlhamə Əbülfət