Deputat: “Ermənistan növbəti dəfə beynəlxalq cinayət törətdi”



 

 

 

Azərbaycanın dinc mülki əhalisinə qarşı silsilə etnik təmizləmələr, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən, qonşu dövlətlərə qarşı daim ərazi iddiaları irəli sürən, militarist siyasət yürüdən Ermənistan ölkəmizin ərazi toxunulmazlığı və suverenliyinə qarşı növbəti təcavüz aktı törədib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri nəticəsində düşmən canlı qüvvədə və hərbi texnikada itkilər verərək, geri çəkilməli olub. Daxil olan son məlumatlara görə, toqquşma xəttində gərginlik hələ də səngimir.

Yaranmış operativ vəziyyətə uyğun Azərbaycan tərəfinin həyata keçirdiyi adekvat tədbirlər müasir beynəlxalq hüquq və beynəlxalq münasibətlər doktrinasında əksini tapan, qanuni əsaslarla güc tətbiq olunmasını ehtiva edən fərdi özünü müdafiə hüququndan irəli gəlir.

Məsələnin digər tərəfi Ermənistanın fundamental beynəlxalq hüquqi sənədlərə ənənəvi olaraq etinasız münasibət nümayiş etdirməsi və suveren dövlətə qarşı təcavüz aktı törəməsindən ibarətdir. Məlum olduğu kimi, BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, “Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı şəkildə güc tətbiq edilməsi təhdidindən və ya güc tətbiq etməkdən çəkinirlər”. Ancaq Ermənistan beynəlxalq hüquqa zidd ənənələrinə sadiq qalaraq, ağır beynəlxalq cinayətlərin tərkibini ehtiva edən əməlləri törətməkdə davam edir.

Əlbəttə ki, ermənilərin növbəti təxribatı təsadüfi xarakter daşımır və diplomatik cəbhədə ağır zərbələr alan, ölkə daxilində dayaq nöqtələrini və nüfuzunu tamamilə itirmiş Ermənistanın hakimiyyət dairələri atəşkəs rejimini pozmaqla ucuz siyasi dividendlər əldə etməyə çalışır.

Azərbaycanın təşəbbüsü ilə zirvə görüşlərinin keçirilməsi, dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini 130-dan çox ölkənin dəstəkləməsi və nəticədə, təşəbbüsün əleyhinə çıxan Ermənistanın beynəlxalq siyasətin kənarında qalmasını həzm edə bilməyən Paşinyan hakimiyyəti hərbi təxribata üstünlük verib.

Dünyanı narahat edən COVID-19 pandemiyasının qlobal beynəlxalq gündəliyin əsas məsələsinə çevrildiyi vaxtda və Azərbaycanın 30-dan çox dövlətə humanitar və maliyyə yardımı göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə formasında 10 milyon dollar ayırması, irimiqyaslı beynəlxalq təşəbbüslərlə çıxış etməsinin fonunda Ermənistanın davranışı ucuz formada özünə diqqət çəkmək üçün uğursuz bir cəhddir.

Ancaq düşmən unutmasın ki, belə cəhdlərin qarşısı qətiyyətlə alınıb və hər zaman alınacaq. Azərbaycan Ordusu işğalçı qüvvələrə layiqli cavab vermək iqtidarinda olan müasir hərbi texnika ilə təchiz edilmiş regionun ən güclü hərbi qüvvələrindəndir. 

Baş vermış hadisələrə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdləri ermənilərin uğursuz təbliğatının və xəstə təxəyyülünün məhsuludur. Sual olunur: Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi olan Qağlıq Qarabağı və ətraf rayonları kim işğal edib?

Kim bu ərazilərdə müharibə cinayəti olan qeyri-qanuni məskunlaşma siyasəti aparır? Münaqişə dövründə Azərbaycanın dinc mülki əhalisinə qarşı insanlıq məfhumunu sarsıdan cinayətləri kimlər törədib? Əlbəttə ki, bu hadisələrə görə məsuliyyət tamamilə erməni tərəfinin üzərinə düşür. 

İşğalçı dövlətin zorla müvəqqəti olaraq ələ keçirdiyi bölgədə marionet xunta rejiminə “legitimlik” qazandırmaq cəhdlərinə rəğmən, beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənir. BMT-nin Baş Assambleyasında rəsmi sənəd statusunda yayılan və müasir beynəlxalq hüququn ən önəmli simaları sırasına daxil olan professor Yoram Dinştayn tərəfindən hazırlanan “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası tərəfindən silahlı təcavüzün hüquqi nəticələri haqqında” məruzədə birmənalı olaraq qeyd edilib ki, “Qağlıq Qarabağın və onu əhatə edən rayonların güc tətbiq etməklə işğal olunması Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazi toxunulmazlığının kobud şəkildə pozulmasıdır”. Həmçinin nəzərə almaq lazımdır ki, BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək” dəfələrlə ifadə edilib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri növbəti dəfə düşmənə layiqli cavab verərək, ona öz yerini göstərib. Ancaq baş verən hadisələr bir daha əyani formada nümayiş etdirir ki, beynəlxalq birlik və beynəlxalq təşkilatlar 30 ildən artıq bir müddətdə davam edən münaqişəyə seyrçi mövqeyini tutmamalı, baş verən hadisələri sülhə və beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid kimi qəbul etməlidirlər.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru